27 Sentyabr – Anım Günü ölkəmizin hər yerində olduğu kimi, Bakının Nəsimi rayonunda da təntənəli şəkildə qeyd edilir.
"Unikal" xəbər verir ki, bununla əlaqədar olaraq Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri İkinci Fəxri Şəhidlər Xiyabanında, həmçinin Hökməli və Digah qəbristanlıqlarında şəhidlərin məzarını ziyarət ediblər. Şəhidlərin xatirəsinə dərin hörmət və ehtiram ifadə olunub, məzarları üzərinə əklil və gül dəstələri düzülüb.
Bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız erməni işğalından azad edildi. Qeyd olunub ki, bu müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar mənbəyinə çevrildi. Vurğulanıb ki, eyni zamanda, Azərbaycan xalqı milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi.
Böyük qürur hissi ilə diqqətə çatdırılıb ki, tarixə qızıl hərflərlə yazılmış Vətən müharibəsində Azərbaycan xalqının 3 minə yaxın mərd oğlu qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb.
Anım tədbirinin iştirakçıları şəhidlərə Allahdan rəhmət, şəhid ailələrinə səbir, qazilərə isə can sağlığı diləyiblər.