Qubadlı rayonunda 27 Sentyabr - Vətən Müharibəsi Şəhidlərinin “Anım Günü”nə həsr olunmuş tədbirlər keçirilib və Şəhidlərimizin abidələri və ailələri ziyarət olunub.
"Unikal" xəbər verir ki, Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əvvəlcə Bakı şəhər II Fəxri Xiyabanda və Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında Vətən Müharibəsi Şəhidlərinin, həmçinin Vətən müharibəsinin ilk şəhidlərindən olan 2020-ci il sentyabrın 27-də şəhid olmuş Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Qasımov Faiq Qaçay oğlunun anım tədbiri keçirildi. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, hüquq-mühafizə orqanları, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələrinin işçiləri, Şəhidlərimizin ailə üzvləri, yaxınları, qazilər, ziyalılar, gənclər eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Qubadlı rayonundan olan Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Vətən Müharibəsi qəhrəmanı polkovnik-leytenant Qasımov Faiq Qaçay oğlu, Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Həmidov Şükür Nəriman oğlu, mayor Alıyev Elçin Bayram oğlu, Vətən Müharibəsi qəhrəmanı mayor Ağayev Vüqar Əhməd oğlu və əslən Qubadlı rayonundan olan mayor Əsgərov Rüfət Mürvət oğlunun məzarları ziyarət olundu, məzarları üzərinə gül dəstələri və əklillər qoyuldu, ruhuna dualar oxundu.
Tədbirdə Qubadlı Şəhər 3 saylı tam orta məktəbin və Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Qasımov Faiq Qaçay oğlunun adını daşıyan Mahmudlu kənd tam orta məktəbin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi. Vətən müharibəsinin ilk şəhidlərindən olan Qubadlı rayon Qayalı kənd sakini Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Qasımov Faiq Qaçay oğlu 2020-ci il sentyabrın 27-də “Ohanyan səddi”ni ilk yaran hərbçilərimizdən olub və rəhbərlik etdiyi qrupu ilə birgə Füzuli rayonu ərazisində düşmənin bir neçə post və səngərini dağıdaraq 300-ə yaxın düşmən əsgərini və zabitini məhv edərək, qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə şəhid polkovnik-leytenant Qasımov Faiq Qaçay oğluna ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Qeyd olundu ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr-Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhidlərimizin ruhlarına, şəhidlərimizin doğmalarına ali ehtiramın göstəricisidir. 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.
Qeyd olundu ki, 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu da 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar. 275 nəfər könüllü olaraq Vətən Müharibəsində iştirak etmişdir. Həmçinin rayonumuzdan olan 100-dən çox Vətən Müharibəsi iştirakçısı Ölkə Başçısının Sərəncamı ilə orden və medallarla təltif olunmuşdur. Vətən Müharibəsi qəhrəmanı şəhid polkovnik-leytenant Faiq Qasımovun qardaşı Gəray Qasımov bütün şəhid ailələrinin adından göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi. Sonra Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında tədbir iştirakçıları tərəfindən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şəhidlərimiz - Həsənzadə Məhəmmədəli Hörmət oğlu, Allahverdiyev Vüsal Tahir oğlu, İsgəndərov İlkin Camal oğlu, Məhərrəmov Ülvi Tahir oğlu, Mustafayev Rüfət Zöhrab oğlu, Rəhimli Orxan Elxan oğlu, Abışov Sirac Abış oğlu, baş leytenant Abbasov Zamin Xaqani oğlunun və digər şəhidlərimizin məzarları ziyarət olundu, məzarları üzərinə gül dəstələri qoyuldu. Şəhidlərimizin ruhuna dualar oxundu.