"Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq gələn ildən minimum əməkhaqqı yenidən artırılacaq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təkliflərinigələn ayın 1-dək təqdim edəcəyi gözlənilir".
"Unikal" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, minimum əməkhaqqındakı artım mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda minimum maaş alan işçilərin hammısını əhatə edir:
"Deməli, gözlənilən artımlar həmçinin özəl sektora da şamil olunur. Yəni, heç bir sektorda minimum əməkhaqqı məbləğindan aşağı maaş ödənilə bilməz. Sadəcə, artımlar özəl sektorda hazırda minimum maaş alanlara şamil olunacaq. Məsələn, əgər vətəndaş özəl sektorda çalışıb 345 manat maaş alarısa, minimum əməkhaqqındakı artım ona şamil olunacaq. Minimum əməkhaqqında nə qədər artım olacaqsa, onun maaşı ən azı o qədər artmalıdır".
Deputat bildirib ki, əgər özəl sektorda çalışan şəxsin maaşı minimum əməkhaqqının yeni artımından sonra yaranan məbləğdən də çoxdursa, bu halda artıq orada dəyişiklik sahibkarın qərarından asılıdır:
"Məsələn, əgər özəl sektorda çalışan vətəndaş 800 manat maaş alırsa, minimum əməkhaqqındakı artımdan sonra onun gəlirinin artırılması birbaşa sahibkardan asılı olacaq. Minimum əməkhaqqı dəyişikliyi özəl sektorda yalnız minimum səviyyədə maaş alanlar üçün icbaridir. Daha yüksək maaş alanların əməkhaqqları həmin sahibkarlıq subyektinin öz qərarından asılıdır. Bununla belə, minimum əməkhaqqındakı gözlənilən artım, inflyasiya səviyyəsini də nəzərə alaraq özəl sektorda da daha yüksək maaş artımlarına gedilməsi tövsiyyə olunandır".