Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Estoniya və Slovakiya ilə oyunlar üçün hazırlıq planı və səfər proqramı bəlli olub.
"Unikal" xəbər verir ki, milli komanda oktyabrın 7-də toplaşacaq və ayın 8-9-da Neftçi Futbol Mərkəzində məşq keçəcək. Yığma oktyabrın 9-da, saat 15:00-da Estoniyanın paytaxtı Tallinə yollanacaq. Baş məşqçi Fernandu Santuş komandanı oktyabrın 10-da, Bakı vaxtı ilə saat 18:00-da “Lilleküla” stadionunda Estoniya seçməsi ilə oyunöncəsi son məşqə çıxaracaq.
Millimiz Estoniya yığması ilə görüşdən bir gün sonra – oktyabrın 12-də səhər məşqə çıxacaq, Bakı vaxtı ilə saat 14:00-da isə Bakıya qayıdacaq. Oktyabrın 13-də, saat 17:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya yığması ilə oyunöncəsi son məşq olacaq.
Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində oktyabrın 11-də səfərdə Estoniya yığması ilə, oktyabrın 14-də isə Bakıda Slovakiya seçməsi ilə qarşılaşacaq. Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq.