Berlində Azərbaycanın xalq rəssamı Əşrəf Heybətin "Türk Dünyası" adlı sərgisi baş tutub.
"Unikal" xəbər verir ki, Yunus Əmrə İnstitutunun təşkil etdiyi sərgidə Türkiyənin Berlindəki konsulu, Azərbaycan konsulluğunun əməkdaşları, Türkdilli ölkələrin diaspor və media nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Yunus Əmrə İnstitutunun direktoru Dr. Samed Kapısız Əşrəf Heybətin keçdiyi həyat yolundan danışıb və onun yaratdığı əsərləri ilə təkcə Azərbaycanın deyil, eyni zamanda Türk dünyasının mədəniyyətinə böyük töhfələr verdiyini vurğulayıb.
Daha sonra Azərbaycan Alman forumunun direktoru Pərviz Yezdani çıxış edərək Əşrəf Heybətin bundan əvvəl Vatikanda və digər ölkələrdə təşkil edilən sərgiləri barədə danışıb. O qeyd edib ki, xalq rəssamı hər zaman əsərlərində Azərbaycan və türk dünyasına böyük önəm verib.
Türkiyənin Berlindəki konsulu İlker Olan Şanlı Əşrəf Heybəti təbrik edərək ona təşəkkürnamə təqdim edib.
Xalq rəssamı çıxışında sərgidə iştirak edən hər kəsə təşəkkürünü bildirib. O qeyd edib ki, yaratdığı əsərləri ilə türk dünyasını təbliğ etmək onun üçün bir missiyadır.
Həsən Babayev