Ermənistan bu ay Azərbaycanla sülh sazişi imzalamağa hazırdır və bu, ölkənin rəsmi mövqeyidir.
"Unikal" erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında deyib.
O, yenə də artıq razılaşdırılmış məqamların imzalanmasını və həll olunmamış məsələlərin müzakirəsini gələcəyə buraxmağı təklif edib.
Paşinyan bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsinin Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların işinin əsasnaməsini təsdiq etdiyini xatırladıb və bu qərarın əhəmiyyətini vurğulayıb:
"Məhkəmə təsdiq edib ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən sovet dövründəki sərhədləri tanıması ölkə Konstitusiyasına uyğundur və bu, sülh danışıqlarında gələcək addımlar üçün hüquqi əsas yaradır.
Ermənistan və Azərbaycan əsas məsələlərlə bağlı qərarlar qəbul etməlidirlər: ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddialarından imtina və gələcəkdə bu iddialara yol verməmək öhdəliyi. Bu prinsiplər, eləcə də güc tətbiq etməmək və bir-birinin daxili işlərinə qarışmamaq üzrə öhdəliklər artıq sülh müqaviləsi layihəsində razılaşdırılıb", - deyə Ermənistanın baş naziri bildirib.
Nuranə Abbasova