"Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun Cəbrayıl rayon mərkəzini və 20-dən artıq yaşayış məntəqəsini azad etməsi qələbəyə olan inamımızı daha da artırırdı".
Bunu "Unikal"a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, Ermənistan tərəfi Azərbaycanın növbəti əks-hücum istiqaməti olaraq Füzuli rayonun azad edilməsi üçün fəaliyyətlərə başlayacağını gözləyirdi:
"Lakin Azərbaycan tərəfi Emənistan üçün gözlənilmədən daha ağır relyefə malik olan Cəbrayılın Daşkəsən və Sur kəndlərindən keçməklə Hadrut qəsəbəsinin şimal-qərb hissəsində yerləşən yüksəkliklərə nəzarəti ələ keçirdi. Bu prosesləri Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin 120-dək şəxsi heyəti təmin etdi. Bundan sonra Azərbaycan sürətli şəkildə Hadrutda yerləşən 18-ci diviziyanın 1-ci, 2-ci, 3-cü və 9-cu alaylarının mövqelərinə artilleriya və hava zərbələri endirməyə başladı. Bu zərbələrin tənzimlənməsini Hadrut ətrafındakı yüksəkliklərdə yerləşən XTQ mənsubları həyata keçirirdi. Hadrutun azad edilməsi bundan xəbər verirdi ki, Azərbaycan yalnız ətraf rayonları deyil, eyni zamanda Qarabağ iqtisadi rayonuna daxil olan yaşayış məntəqələrini də düşməndən azad etmək niyyətindədir. Hadrutun işğaldan azad edilməsi erməni separatizminin ərazilərimizdən silinib-süpürülməsinə, onların böyük məğlubiyyətlərə məruz qalmasına səbəb olan və mühüm əhəmiyyətə malik əməliyyatlardan biri idi. Hadrutun azad olunması Vətən müharibəsinin taleyinə ciddi şəkildə müsbət təsir etdi".
Ekspert qeyd edib ki, Hadrutun azad edilməsi sonrakı dövrdə Azərbaycan Ordusunun daha geniş ərazilərdə əks-hücum əməliyyatları həyata keçirməsinə münbit şərait yaratdı:
"Məhz Hadrutun azad olunmasından sonra Füzulinin, Zəngilanın və Qubadlının azad edilməsi üçün şərait yaradıldı. Digər tərəfdən isə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrin vasitəsilə Hadrutdan Şuşa istiqamətinə sürətli şəkildə hücumu davam etdirməsi ilə müşayət olundu. Hadrutu qoruyan 500-ə yaxın düşmən ordusunun şəxsi heyəti qəsəbə ərazisindəki bir bölüyə qədər xüsusi təyinatlı qüvvələrin şəxsi heyətinə müqavimət göstərə bilməyərək geri çəkildi. Düşmən kifayət qədər şəxsi heyət, texnika, vasitə və avadanlıq itkilərinə məruz qaldı. Böyük itkilərə məruz qalan Ermənistanın çox sayda texnikası qənimət olaraq ələ keçirildi. Düşmənin böyük sayda fərarilərinin olması sonrakı döyüşlərdə də artmağa doğru getdi. Hadrut döyüşləri Azərbaycanın hərb tarixində ən uğurlu döyüşlərdən biri hesab edilir. Həmçinin, Hadrutun Azərbaycanın nəzarətinə keçməsi erməni ordusunun daha sürətlə və təşviş içində geri çəkilməsi ilə nəticələndi. Hadrut qələbəsi bizi Şuşanın azad edilməsinə və yekun qələbəni əldə etməyimizə daha da yaxınlaşdırdı".
Qeyd edək ki, bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunmasından 4 il ötür.
Anar Kəlbiyev