2020-ci ilin payızı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi, qətiyyəti sayəsində və “Dəmir yumruq” ətrafında sıx birləşən yenilməz ordumuz döyüş meydanında düşməni diz çökdürdü. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi şanlı qələbə ilə Ermənistanın işğalına son qoyuldu və Azərbaycan tarixi ədaləti bərpa etdi. Bu gün azad Qarabağda həyata keçirilən surətli və genişmiqyaslı abadlıq işlərindən sonra soydaşlarımız öz doğma yurdlarına geri dönür, bununla da doğma Qarabağımıza həyat yenidən qayıdır.
"Unikal" xəbər verir ki, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Abşeron şəhidlərinin bu günlərdə ildönümləri qeyd olunur. İldönümlərində Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH-in məsul əməkdaşları, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları iştirak edib.
Rayon rəhbərliyi şəhidlərimiz Dövlətzadə Cəbrayıl Dövlət oğlu, Ağakişiyev Nurlan Etibar oğlu, Nəcəfov Şamil Rəfi oğlu, Quliyev Hətəmxan Məti oğlu, Ələsgərov Ələkbər İsgəndər oğlu, Ataşov Asif Kərim oğlu, Həsənov Elşad Paşa oğlu, Xəlilbəyli Turqut Nadir oğlu, Musibov Veysəl Yadulla oğlu, Üseynov Ceyhun Elşad oğlu, Rəhimli Ülvi Rabil oğlu və Məmmədov Tərlan Müşviq oğlu oğlunun məzarlarını ziyarət edib, ruhlarına dualar oxunub, şəhidlərimizin ailələri ilə görüşərək onların qayğıları ilə maraqlanıb.
Qeyd edək ki, RİH rəhbərliyi tərəfindən şəhid ailələri mütamadi şəkildə yad edilir və onlarla görüşlər keçirilir. Şəhidlərin ildönümləri ilə yanaşı onların və övladlarının doğum günləri də qeyd olunur.
Keçirilən görüşlərdə bildirilib ki, cənab Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində bölgədə yeni sülh və sabitlik mühiti formalaşıb. Ölkəmizin sülh tərəfdarı olduğunu vurğulayan RİH başçısı yenilməz ordumuzun bugünkü gücündən danışaraq bildirib ki, silahlı qüvvələrimiz bundan sonra da baş verəbiləcək istənilən hərbi təxribatların qarşısını almağa hazırdır və Azərbaycan vətəndaşları tam təhlükəsiz şəraitdə Qarabağda yaşamağa davam edəcəklər.
Şəhid ailələri də öz növbələrində onlara hər zaman diqqət və qayğının göstərildiyini, ölkəmizdə şəhidlərin adlarının əbədiləşdirilməsi istiqaməində mütəmadi şəkildə tədbirlərin keçirildiyini bildirərək, bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Şəhidlərin xatirəsinin əziz tutulmasını, daim yad olunmasını bütün şəhid ailələrinə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndiriblər