Neftçala rayonunun Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri artıq bitib.
"Unikal" xəbər verir ki, uzunluğu 42 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Yolun 30 km uzunluğa malik Xanməmmədli–Xol Qarabucaq–Xəzər hissəsi yararsız asfalt örtük, uzunluğu 12 km təşkil edən Qaçaqkənd–Qırmızıkənd hissəsi isə torpaq əsasdan ibarət idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib, yolların eni 10 metrə qədər genişləndirilib.
"İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yolun yararsız örtüyü sökülüb, yararsız qrunt qaılaraq çıxarılıb, əks-dolğu işləri aparılaraq yeni yol yatağı inşa edilib. Ardınca yolun normativ eninin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görülüb, yol əsasının tikintisi aparılıb.
Layihəyə uyğun olaraq yolboyu suların ötürülməsi təmin etmək məqsədi ilə müxtəlif diametrlərə malik suötürücü borular quraşdırılıb, zəruri ərazilərdə istinad divarları inşa edilib. Bununla yanaşı, layihənin Qaçaqkənd, Qırmızıkənd və Xol Qarabucaq hissələrində mövcud körpülər təmir edilib.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri icra edilib.
Avtomobil yollarının yenidən qurulması 15 min əhalinin yaşadığı 11 yaşayış məntəqəsi arasında rahat gediş-gəlişi, yük və sərnişin daşımasını asanlaşdırmaqla, əhalinin sosial rifah halına müsbət təsir edəcək kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.