Böyük Britaniya bu gün İranın yüksəkrütbəli hərbi şəxsləri və təşkilatlarına qarşı yeni sanksiya paketini elan edib.

"Unikal" xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İran İslam Respublikası ordusunun baş komandanı və İranın Ali Milli Təhlükəsizlik Şurasının üzvü Əbdülrəhim Musəvi, İran İslam Respublikası Hərbi Hava Qüvvələrinin komandanı Həmid Vahedi, SEPAH sözçüsü Əli-Məhəmməd Naini, SEPAH-ın kəşfiyyat rəisi Məhəmməd Kazemi və daha üç şəxs sanksiyalara məruz qalıb. Onların Britaniyaya səyahətləri qadağa olunub və aktivləri dondurulub.

Bundan əlavə, iki quruma da sanksiya tətbiq edilib. Ballistik raketlərin hazırlanmasında istifadə edilə bilən kosmik daşıyıcı texnologiyalarını inkişaf etdirən İran Kosmik Agentliyinə və kruiz raketlərində istifadə oluna bilən mühərrik texnologiyalarını layihələndirən və istehsal edən Farzaneqan Hərəkət Sistemləri Dizayn Bürosu adlı quruma sanksiya tətbiq edilib.