Ukraynanın baş prokuroru Andrey Kostin Rusiya prezidenti Vladimir Putinin noyabrda Braziliyada keçiriləcək G20 sammitində iştirak edə biləcəyinə dair kəşfiyyat məlumatı aldığını bildirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Kostin Braziliyahakimiyyətini Putinin orada görünəcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) həbsinə dair orderi icra etməyə çağırıb.
ICC, Rusiya-Ukrayna arasında müharibənin başlamasından təxminən bir il sonra, 2023-cü ilin martında Vladimir Putinin həbsinə order verib. O və Uşaq Hüquqları üzrə Müvəkkil Mariya Lvova-Belova ilə birlikdə hərbi cinayətdə - uşaqların deportasiyasında ittiham olunurlar. Rusiya müharibə cinayətləri ilə bağlı iddiaları rədd edir, Kreml isə ICC-nın orderini “etibarsız” adlandırıb.
Putinin mətbuat katibi Dmitri Peskov hələlik Rusiya prezidentinin G20 toplantısında iştirakını təsdiqləməyib.
Bildirək ki, 124 üzvü olan BCM 2002-ci ildə hərbi cinayətləri, insanlığa qarşı cinayətləri və soyqırımı üzv dövlətlərin özləri istəmədiyi və ya edə bilməyəcəyi hallarda araşdırmaq və mühakimə etmək üçün yaradılmışdır. Braziliya 2000-ci ildə BCM-nin təsis sənədi olan Roma Əsasnaməsini ratifikasiya edib. Bu müqaviləyə qoşulan ölkələr BCM-nin qərarlarına, o cümlədən barələrində order verilmiş şəxslərin həbsinə əməl etməyə borcludurlar. Rusiya 2016-cı ildə BCM-nin yurisdiksiyasından çıxıb. Həmçinin, Roma Əsasnaməsi ABŞ, Çin, Hindistan, İran və digər ölkələr tərəfindən ratifikasiya olunmayıb. Ukrayna onu 2024-cü ilin avqustunda ratifikasiya edib.
Gülayə Mecid