Amerikalı sahibkar İlon Mask bu ilin iyulunda keçirilən seçkilərdən sonra Venesuelada dövlət çevrilişinə cəhdi maliyyələşdirmək üçün ən azı 1 milyard dollar xərcləyib.
"Unikal" xəbər verir ki, bunu "Venesola de" televiziya kanalının efirində respublika prezidenti Nikolas Maduro deyib.
Venesuela liderinin sözlərinə görə, ayrılan vəsaiti müxalifət liderlərindən biri Mariya Korina Maçado bölüşdürüb. O, öz növbəsində terror qruplarının maliyyələşdirilməsi ilə məşğul olub. Lakin çevriliş planı iflasa uğrayıb, Maduro vurğulayıb.
Maduro əlavə edib ki, çevriliş cəhdinin arxasında "Şimali Amerika imperiyasının daimi sui-qəsdi olan ABŞ hökuməti dayanır".
Avqust ayında Maduro "X" sosial şəbəkəsinin ölkədə dəfələrlə qanunu pozduğunu və buna görə də ölkədə fəaliyyətinin dayandırılacağını bildirmişdi. Dövlət başçısı bu saytın nifrət, faşizm, vətəndaş müharibəsi, venesuelalılar arasında qarşıdurma qızışdırdığını, həmçinin Venesuelanın bütün qanunlarını pozduğunu vurğulayıb.
Gülayə Mecid