İngiltərənin Brighton şəhərində baş verən faciəvi hadisə səhiyyə sistemindəki problemləri üzə çıxarıb. 31 yaşlı Tamara Davis 10 saat dəhlizdə xərəkdə gözlədildikdən sonra Kral Susseks Ştat Xəstəxanasının təcili yardım otağında dünyasını dəyişib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, tngnəfəslik şikayəti ilə xəstəxanaya gətirilən Tamara yer olmadığı üçün ilkin tibbi yardımdan sonra dəhlizə aparılıb. Vəziyyəti getdikcə pisləşən və qanla öskürəyə başlayan gənc qadına lazımi qayğı göstərilə bilməyib. Onun bacısı Miya bildirib ki, Tamara "ən həssas anında tərk edilib".
İstintaq məhkəməsində çıxış edən Dr. Endryu Leonard koridorda qayğı göstərməyin normal proseslərin uğursuzluğu olduğunu vurğulayıb. O, sistemdəki təzyiqlərin bu vəziyyətə gətirib çıxardığını, lakin bunun qəbuledilməz olduğunu bildirib.
Tamaranın ölüm səbəbi sepsis və çoxlu orqan çatışmazlığı olduğu açıqlanıb. Ailəsi onun xəstəxanadan aldığı "iyrənc" müalicə səbəbindən dünyasını dəyişdiyini iddia edib.
Xəstəxana rəhbərliyi baş verənlərə görə çox təəssüfləndiklərini bildirib və üzr istəyiblər.