Bayden administrasiyası İsrailə Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılmasını tələb edən məktub göndərib.

"Unikal" xəbər verir ki, ABŞ Dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostinin birgə yazdığı məktub İsrailin müdafiə naziri Yoav Qallant və strateji işlər naziri Ron Dermerə ünvanlanıb. Məktubda İsrailin 30 gün ərzində hərəkətə keçməsi tələb edilib. Əks halda ABŞ-ın xarici hərbi yardımı tənzimləyən qanunlarını pozma riski yaranacağı və bu ölkənin hərbi yardım təminatının təhlükə altına düşəcəyi məktubda qeyd olunub.

Bildirilib ki, ABŞ qanunvericiliyinə əsasən, Dövlət və Müdafiə departamentləri İsrailin yardım axınını məhdudlaşdırmayacağına dair verdiyi vədlərə sadiqliyini davamlı qiymətləndirməlidir.

İsrailə verilən son tarix noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərindən sonrakı vaxta təsadüf edir.