Müdafiə Nazirliyinin sabiq zabiti, "Şlyapa Zahid" ləqəbli Zahid Niftəliyevin 24 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı cinayət işi üzrə ilkin məhkəmə baxışı keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Ata Bank Açıq Səhmdar Cəmiyyətinin (ASC) nümayəndəsinin şəxsiyyəti dəqiqləşdirilib. Sonra sərbəst ifadə vermək üçün Zahid Niftəliyevə söz verilib. O bildirib ki, Müdafiə Nazirliyində mülki işçi kimi xidmət edib.
Zahid Niftəliyevin sözlərinə görə, Baş Qərargah rəisi Nəcməddin Sadıkov onu yanına çağırıb: "Dedi ki, bankdan kredit götürmək lazımdır, onlara bir şirkət lazımdır. Mən də adıma şirkətin olduğunu, ancaq çoxdan fəaliyyət göstərmədiyini dedim. Dedi ki, Vergilər naziri Fazil Məmmədovla danışmışam, dövlət üçün müəyyən iş görüləcək. Buna görə də razılaşdım. Sonra Vergilər nazirliyinə getdim, nazirliyin işçisi Mahir Rəfiyevlə görüşdüm. Özümün şirkətimlə bağlı ona məlumat verdim. Mənə bildirdilər ki, bu şirkət çoxdan açılıb, bunu istifadə edə bilmirlər. Sonra onların köməkliyi ilə təcili olaraq başqa bir şirkət açıb, növbəti dəfə Mahir Rəfiyevin yanına gəldim. Məni Mahir Rəfiyevin adı yadımdan çıxıb, soyadı Əliyev olan işçisi qəbul etdi. Şirkətin sənədlərini ona verdim. Ondan sonra heç bir işlə məşğul olmadım, onlarla heç bir əlaqəm olmadı".
Təqsirləndirilən şəxs qeyd edib ki, şirkət açılan zaman ona sənəd lazım olub: "Məndən psixidispanserdən arayış istədilər. Dedim ki, mənə sağlamlıq haqqında arayış verilməyəcək. Bildirdim ki, 2 dəfə psixiatriya xəstəxanasında müalicə almışam. Sənəd almadım, şirkətlə bağlı lisenziya verdilər".
Zahid Niftəliyev qeyd edib ki, Fazil Məmmədov işdən çıxarılandan sonra onu çağırıblar və kredit borcu olduğunu deyiblər: "Amma mən kredit borcumun olmadığını bildirdim. Mən bu işlərə girəndə fikirləşirdim ki, millətim, dövlətim üçün iş görürəm. Bundan sonra bildim ki, başımın üstündən iş görüblər. 42 milyon manat kredit götürüblər. Bunu deyə bilmərəm ki, kim edib. Bilmirəm ki, bunu Nəcməddin yeyib, ya Fazil yeyib. Bunu mən deyə bilmirəm. Mən heç 40 manat da görməmişəm".
Daha sonra təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb. O bildirib ki, şirkətdən adına götürülən pullarla bağlı onun heç bir məlumatı olmayıb. Dövlət ittihamçısı kreditlərin götürülməsi zamanı Zahid Niftəliyevin imzasının olması ilə bağlı suallar verib. Zahid Niftəliyev bildirib ki, banka gedib, sənədlərə imza edib, amma pulu onun özü götürməyib: "Mən orduda xidmət etmişəm. Bəzi işlər olub, mən burada onları deyə bilmirəm. Mən uzun-uzadı danışmaq istəmirəm. Mahir Rəfiyevin xidməti otağında olanda orada vəzifəli şəxslər əyləşmişdi".
Hakim Novruz Kərimov təqsirləndirilən şəxsin ifadəsini geniş və hərtərəfli verməsi üçün prosesin bu hissənin qapalı keçirilməsini təklif edib. Buna görə də Zahid Niftəliyevin həmin hissədə ifadəsinin qapalı iclasda dinlənilməsi barədə qərar qəbul edilib. Prosesin bu hissəsi qapalı keçirilib .
Növbəti proses noyabrın 6-da davam edəcək.
Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib.
Zahid Niftəliyev azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib. İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi dövlət ittihamçısı Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edib.
Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq Ata Bank ASC-dən kötürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.
İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə Ata Bank ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan Ata Bank ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Qeyd edək ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.
Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.
Seymur Əli