Məşhur modelyer Elnarə Bəkirovanın atası, biznesmen Kamran Bəkirovu öldürməkdə təqsirli bilinən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədirliyi ilə keçirilən prosesdə təqsirləndirilən  Namiq Əliyev ifadə verib.

O, ifadəsində bildirib ki, cinayət baş verən zaman öz maşında gözləyirmiş:

Mən, Mustafa Zeynalov və Kamran Bəkirovla maşın ilə Ləhic bağlarında yerləşən şəhid bulağı adlanan yerə gedərkən onlar arasında mübahisə yarandı. Maşını kənara çəkib düşdülər. Onlar getdikdən sonra qışqırıq səsləri eşitdim. Hadisə yerinə gələrkən Mustafa Zeynalovun Kamran Bəkirovu qətlə yetirdiyini gördüm. Onun içəri daşınmasında M.Zeynalova yardım etdim. Daha sonrasından məlumatım olmadı".

Təqsirləndirilən şəxs əlavə edib ki, 14-cü polis bölməsinə dəvət olunduqdan sonra əməlini etiraf edib: 

"Bir müddət sonra Mustafa polis tərəfindən saxlanıldı. Mən də bölməyə çağırıldıqdan sonra əməlimi etiraf etdim. Hadisə baş verən ərazini polis əməkdaşlarına göstədrim. Onlar axtarış edərək Kamran Bəkirovun quyuda olduğunu müəyyən etdilər".
İclas 7 noyabr tarixinədək təxirə salınıb.

Qeyd edək ki, hadisə ötən il aprelin 6-da Nardaran qəsəbəsində baş verib. İttihama görə, Mustafa Zeynalov və onun qohumu Namiq Əliyev pul mübahisəsi zəminində 69 yaşlı biznesmen Kamran Bəkirova xəsarət yetirməklə qəsdən öldürüblər.

Onlar K.Bəkirovun meyitini gizlətmək məqsədilə “Ləhiş bağları” ərazisindəki su quyusuna atıb, onun 285 min manatını götürərək hadisə yerindən qaçıblar.

Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə ittiham verilib.

Mustafa Zeynalov uzun illər polis orqanlarında işləyib. O, 20 il əvvəl rüşvət almaqda təqsirli bilinərək həbs olunub, 5 il azadlıqdan məhrum edilib. Namiq Əliyev isə bankda çalışıb.

Seymur Əli