ABŞ Prezidenti Cozef Bayden Almaniyaya yola düşüb.
"Unikal" xəbər verir ki, oktyabrın 17-si axşam saatlarında eniş edəcək dövlət başçısı növbəti gün görüşlərə başlayacaq.
Səfər zamanı o, Almaniya, Fransa və Böyük Britaniya liderləri ilə birlikdə Rusiya-Ukrayna münaqişəsini müzakirə edəcək. Yaxın Şərqdə şiddətlənən münaqişə də sözügedən liderlərin müzakirə mövzularından biri olacaq.
Qeyd edək ki, Baydenin əvvəlcə ötən həftə Almaniyaya 3 günlük səfəri nəzərdə tutulmuşdu. Səfər zamanı “Ramşteyn” bazasında Ukraynaya dəstək verən ölkələrin geniştərkibli görüşü nəzərdə tutulurdu. Lakin ABŞ-da hökm sürən “Milton” qasırğası səbəbindən səfər təxirə salınmışdı.