Alimlər yeni texnoloji kəşflərlə vətəndaşların həyatını asanlaşdırmağa davam edirlər. Bu dəfə Almaniyada alimlər yeni araşdırma aparıblar. Alman Primat Mərkəzinin nevroloqları beyin-kompüter interfeysləri (BCI) ilə protez əlləri idarə etməyə imkan verəcək yeni protokol hazırlayıblar.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqat Macaca mulatta növü olan rhesus meymunları üzərində aparılıb.
Bu yeni üsul, protez əllərin beyin siqnallarından və yalnız düşüncə gücündən istifadə edərək daha dəqiq şəkildə hərəkət etdirilməsinin mümkün olduğunu ortaya qoyub. Tədqiqatçılar bu təcrübədə beyindəki əllərin mövqelərini idarə edən siqnalların əl hərəkətlərinin sürətini idarə edən siqnallardan daha əhəmiyyətli olduğunu kəşf ediblər.
Bu ixtira iflic olan xəstələr üçün hazırlanmış neyroprotezlərin incə motor bacarıqlarının təkmilləşdirilməsi istiqamətində mühüm addım hesab olunur.
Tədqiqatın bir hissəsi olaraq, rhesus meymunlarına virtual reallıq mühitində əllərindən istifadə edərək "avatar" əli idarə etmək öyrədilib. Daha sonra meymunlar əllərindən fiziki istifadə etmədən, sadəcə beyin siqnalları ilə virtual əli hərəkət etdirə biliblər.
Beyin-kompüter interfeysi ilə ölçülən neyron fəaliyyətləri protez əlin incə motor bacarıqlarını təkmilləşdirmək üçün tədqiqatçılar tərəfindən optimallaşdırılıb. Bu araşdırma beyin siqnallarının daha dəqiq analizi və neyroprotezlərin gündəlik həyatda daha effektiv istifadəsi baxımından böyük əhəmiyyət kəsb edir.
Bu araşdırmanın nəticələri ALS kimi əzələ hərəkətlərinə təsir edən xəstəliklərdən əziyyət çəkən xəstələrin həyatını asanlaşdıra biləcək texnoloji inkişaflara yol aça bilər.
Gülayə Mecid