Bakıda bir neçə mağazadan oğurluq etməkdə təqsirləndirilən Səbinə Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Unikal"ın məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər dindirilib.
Zərərçəkmiş Orxan Babazadə deyib ki, təqsirləndirilən şəxs ondan 650 manat oğurlayıb:
"Mənim kiçik biznesim var. Həmin gün dükanda işçim olub. Xanım işçiyə deyib ki, mənə ən bahalı pomidor hansıdır ondan çək ver. Bu məqamda xanım kassadan pul götürərək "aradan çıxıb". Xanım kamera görüntülərinə düşmüşdü. Mənə hadisə barədə məlumat verildi, mən də öz növbəmdə dərhal 102 xidmətinə yığdım. Mənə ümumilkdə 650 manat ziyan dəyib. Təqsirləndirilən şəxs bir qəpik də qaytarmayıb, amma ondan heç bir tələbim də yoxdur".
Məhkəmə prosesi noyabrın 1-nə kimi təxirə salınıb.
Qeyd edək ki, S.Ağayevaya qarşı Cinayət Məcəlləsinin 234.1-1 (külli miqdar narkotik vasitəni saxlama, daşıma, emal etmə) və 177-ci (oğurluq) maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işində 19 nəfər zərərçəkmiş qismində tanınıb.
S.Ağayeva əvvəllər də dəfələrlə məhkum olunub. O, 6 uşaq anasıdır.
Seymur Əli