Energetiklər Günü ilə əlaqədar Energetika Nazirliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin kollektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
“Unikal” xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və dövlət xadimi Əziz Əliyevin də xatirəsi yad edilib, məzarları üzərinə tər güllər düzülüb.
Tədbir Şəhidlər xiyabanını ziyarətlə davam edib. Energetiklər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban verən qəhrəman Vətən övladlarının xatirəsini yad edib və məzarları üzərinə gül dəstələri qoyublar.
Qeyd edək ki, 1981-ci il oktyabrın 20-də ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cənubi Qafqazın ilk böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in birinci enerji blokunun istifadəyə verilməsi ilə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub. Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli 446 saylı Sərəncamı ilə həmin tarix ölkəmizdə “Energetiklər Günü” kimi təsis edilib.