Dünyanın 46 il yaşayan ən ağıllı insanı olduğu iddia edilən Uilyam Ceyms Sidisin (1898-1944) İQ səviyyəsi ölçüyəgəlməz idi (250-300 arasında olduğu güman edilir).
"Unikal" xəbər verir ki, o, rusiyalı yəhudi mühacir ailəsində doğulub. 6 aylıq olarkən əlifbanı öyrənib, 18 ayında "New York Times" oxucusu olub, 2 yaşında latın, 3 yaşında yunan dilini öyrənib, 4 yaşında anatomiyadan təcrübələrini yazıb, ingilis, latın, yunan, rus, ivrit dillərini mükəmməl bilib. 8 yaşından əvvəl fransız və alman dillərini öyrənib.
İbtidai məktəb yaşına çatanda o, "Vindergood" adlandırdığı bir dil də inkişaf etdirib.
İbtidai məktəbi isə ildırım sürəti ilə bitirən Uilyam 1-ci sinfi 1 günə, 2-ci sinfi bir neçə günə, 3-cü sinfi 3 aya, 4-cü sinfi bir həftəyə, 5-ci sinfi 15 həftəyə, 6 və 7-ci sinifləri isə 5 həftə yarıma başa vurub.
O, 11 yaşında Harvarda qəbul olunub. Elə həmin il Harvardda professorlara 4 ölçülü obyektləri öyrətməyə başlayıb və 16 yaşında Harvard Hüquq Məktəbinə keçib. 20 yaşında sosialist/kommunist aksiyalarında və mitinqlərində iştirak etdiyinə görə həbs olunub.
Sidisin bir gündə bir dil öyrənə bildiyi və ertəsi gün bildiyi digər dillərlə çarpaz müqayisə və tərcümə edə bildiyi də iddia edilir. Bir gündə bir dil öyrənmə hadisəsinə görə o, ölənə qədər bütün məlum və öyrənilə bilən dilləri öyrənib, hətta daha da irəli gedərək dillər uydurmağa başlayıb.
Atası Boris Sidis Harvard Universitetində psixologiya və psixiatriyadan dərs deyib və çoxlu kitablar yazıb. Anası Sara həkim idi. Bütün bu ağıllı həyat və imkanlara baxmayaraq, gözlənilənləri doğrultmayan Sidis bir neçə kitab və çox da diqqət çəkməyən akademik həyatla arxivlərə keçib. Ailəsi, köçdüyü yerlərdəki insanlar və media bu qədər imkanlara malik Sidisi "ümidləri puç edən adam"a çevirmişdi.
Sidis nəticədə həftədə 20 dollar maaş alan bir işdə çalışan məmur kimi yaşayıb, ömrünün qalanını detektiv romanları oxumaq və yerli amerikalıların ritualları ilə maraqlanmaqla keçirib.
Nuranə Abbasova