Bakıda bayram günü kafedə 2 nəfəri qətlə yetirməkdə təqsirli bilinən Arif Bəhərçiyevin məhkəməsinin növbəti baxış iclası keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər mülki iddia ilə bağlı vəsatət veriblər. Hakim tərəflərin fikrini öyrəndikdən sonra mülki iddianı qəbul edib. Təqsirləndirilən şəxs Arif Bəhərçiyev mülki iddianı qismən qəbul edib, hansı ki, dünyasını dəyişənlərin dəfninə xərclənib. Sonra hakim məhkəmə istintaqını yekunlaşdıraraq çıxışlar mərhələsinə keçib. Dövlət ittihamçısı Eldar Həmzə Arif Bəhərçiyevin ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkənlərin hüquqi nümayəndəsi dövlət ittihamçısı ilə razı olduqlarını bildirdilər. Təqsirləndirilənin vəkili çıxış üçün hakimdən vaxt istədi. 

Məhkəmə prosesi 28 oktyabr tarixinə kimi təxirə salındı. 

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Arif Bəhərçiyev silah qismində istifadə edilən əşyadan istifadə etməklə, zərərçəkmiş şəxslərə qarşı zor tətbiq edərək, iki şəxsi qəsdən həyatdan məhrum edib.

Belə ki, o, 31 dekabr 2023-cü il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən, anası Gülnurə Bəhərçiyevanın icarəyə götürdüyü və birlikdə işlətdikləri adsız kafedə olduqları zaman, qarşıdan gələn yeni il münasibəti ilə əlaqədar kafedə olan şəxslərlə spirtli içki qəbul edib.

O, anası Gülnurənin ailəvi dostlarından olan Namiq Orucovla uzun müddətdir aralarında sevgi münasibətləri olmasından şübhələnib.

Həmin gün atası İlfan Bəhərçiyev müştərilərə yemək hazırlaması məqsədilə Gülnurə Bəhərçiyevanı kafenin daxilinə çağırdıqda anası bu çağırışa məhəl qoymayıb.

Anası isə kabab bişirməyə davam etməklə Namiq Orucovun yanında qalmasını bəhanə edib.

Təqsirləndirilən şəxs Gülnurǝ Bəhərçiyevanı saçından dartıb itələmiş, onların səs-küyünü eşidib hadisədən xəbərdar olan atasının təkidi ilə kafenin digər zalına keçib.

Bu məqamda Namiq Orucov ictimai qaydanın qarşısını almaq üçün onun bu davranışlarına son qoymağın tələb edib.

Arif Bəhərçiyev isə Namiq Orucovun bu hərəkətindən daha da hiddətlənib. Arif mətbəxdən bıçaq götürərək, onun ünvanına nalayiq söyüşlər söyüb və sonuncunun qarın nahiyəsinə bir dəfə bıçaq zərbəsi vuraraq öldürüb.

İttiham aktında o da qeyd olunub ki təqsirləndirilən şəxs bununla kifayətlənməyərək onları ayırmağa çalışan Ramil Səfərovu eyni bıçaqla döş qəfəsi nahiyəsinə bir dəfə bıçaq zərbəsi vuraraq öldürüb.

Təqsirləndirilən şəxs cinayət işi üzrə özünü qismən təqsirli bilib. 

Arif Bəhərçiyevə qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.3 (zərəçəkmiş şəxsi ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Seymur Əli