Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinən Elvin Səyavuş oğlu Əsədovun məhkəmə prosesinin növbəti iclası keçirilib.
"Unikal"ın məlumatına görə, məhkəmədə ilk olaraq cinayət işində şahid qismində Elvinin əmisi Dilqəm Əsədov ifadə verib: "Əgər mən bu pul məsələsini qabaqcadan bilsəydim, dilənib-dolanıb onun borcunu verərdim. Hadisə barədə mənə qohumlarım məlumat verdi.
Zərərçəkən şəxsin hüquqi nümayəndəsi Suğra Cabarova şahidə onun borc məsələsindən xəbəri olduğunu soruşdu: "Elvin oğluma deyib ki, əmim pul gətirir. Düzdür?"
Şahid isə hadisə baş verənə kimi borc məsələsindən xəbəri olmadığını bildirdi.
Növbəti şahid Mehman Novruzlu hadisə baş verən vaxt hərbidə işlədiyini qeyd etdi: "Dekabrın axırında dövlət tədbirində idik, Elvinə zəng gəldi, gördüm sıxıldı. Dedim nə olub? Dedi ki, borcum var. O hadisədən bir gün sonra dedi ki, atam bankdan götürüb verəcək. O da alınmadı, dedi gedirəm rayondan tapım gətirim. Ayın 30-da mesaj yazdı ki, Zamiqi söyüş söyməsinə görə öldürmüşəm. Bizim hərbçilərin birgə qrupu var idi, Elvin orada yazdı ki, haqqınızı halal edin. Ondan qabaq mən dedim ki, gəl yığışaq kömək edək, dedi çoxdı borcum. Mən ayda 1000 manat maaş alırdım. Mən də borc götürmüşdüm, dediyi vaxt atmışam Suğra xanımın kartına. Belə gecikmə olanda Zamiqi yığıb deyirdik ki, gecikmə olacaq. Bir neçə hərbçi yoldaşda Zamiqdən pul götürürdü. Elvinlə isə 2-ci Qarabağ döyüşlərində bir yerdə iştirak etmişik.
Suğra xanım şahidə "heç mənimlə danışanda demirdin Elvin Zamiqdən borc götürüb?" sualını ünvanladı.
Şahid isə həqiqətən Elvinin borc götürdüyündən xəbəri olmadığını bildirdi.
Təqsirləndirilən şəxs Suğra xanımın hərbi hissənin qabağına gəlib neçə-neçə hərbçinin ona borcu olduğu üçün işdən çıxartdırdığını qeyd etdi. Hətta Zamiqdə gəlib hərbi hissədə rəhbərliklə görüşüb hərbçilərin ona borcunu qaytarmadığını dəfələrlə deyib, hətta bəzi hərbçilərə töhmətdə verilib, işdən çıxarılanda olub.
Şahid Tapdıq Əliyev təqsirləndirilən şəxsi tanımadığını bildirdi: "Mən taksi fəaliyyəti ilə məşğulam. Memar Əcəmi metrosunun yanında bir nəfər şəxs mənim maşınıma möhkəm dəydi, qaçırdı. Maşından yerə düşdüm. Baxdım gördüm boğazından qan axır. Dedi həkim çağırın, kömək edin. Dedim "ay oğul, biz nə kömək edə bilərik. Neynəsə həkim eləyə bilər". Mən elə başa düşdüm artıq gecdir. Hündür bir oğlan dedi mən maşını sürərəm. Həmin ərazidə bir neçə yerdə kamera var".
Hakim vəkilin vəsatəti əsasında Firudun Həsənovun dindirilməsini təmin edib.
Məhkəmə prosesi dekabr ayının 2-nə kimi təxirə salınıb.
Xatırladaq ki, ölüm hadisəsi ötən il dekabrın 30-da paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.
Baş vermiş qətl hadisəsi ilə bağlı Nəsimi Rayon Prokurorluğu məlumat yayıb.
Aparılmış istintaqla müəyyən edilib ki, Elvin Əsədov tanışı Zamiq Cabarova olan 2500 manat faiz pul borcunu ödəməkdən yayınmaq və qisas almaq məqsədilə Nəsimi rayonunun Cavadxan küçəsi ərazisində sonuncuya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Elvin Əsədova Cinayət Məcəlləsinin tamah məqsədilə qəsdən adam öldürmə maddəsi ilə yekun ittiham elan edilib və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Seymur Əli