Əvvəllər məhkum olunmuş Nəzirxan Ağaxanovu oğurlayaraq üzərində nalayiq hərəkətlər etməklə ona xəsarətlər yetirən ikisi yetkinlik yaşına çatmayan şəxs olmaqla 7 nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin vəkilləri bir neçə vəsatət təqdim edib.
Onlar cinayət işinin istintaq mərhələsinə qayıtmasını tələb edib.

Buna səbəb olaraq, təqsirləndirilən Müştəba Əliyev bildirib ki, ittiham aktında göstərilən əməli o törədib. O, ailəsindən 3 üzvün və digər şəxslərin günahsız olduğunu bildirərək cinayət işinin məhkəmə istintaqına qayıtmasını istəyib.

Digər vəsatət isə təqsirləndirilən şəxslər arasında olan azyaşlı Murad Rzayev haqqında seçilmiş "həbs qətimkan tədbiri"nin "ev dustaqlığı qətimkan tədbiri" ilə əvəzlənilməsi barədə olub.

Çıxış edən prokuror Orxan Səmədov işin məhkəmə baxışına verilməsini təklif edib.

Təqsirləndirilən Şücayət Rzayev tutulan insanların günahsız olduğunu qeyd edərək bildirib ki, lazım olsa lezva ilə boğazımı kəsəcəm, iş istintaqa qayıtmalıdır.

Məhkəmə müşavirədə qərara alıb ki, müdafiəçilər tərəfindən verilən vəsatətlər təmin edilməsin. Təqsirləndirilən şəxslər barəsində seçilmiş "həbs qətimkan tədbiri" qüvvədə saxlanılsın.

Məhkəmənin baxış iclası 4 noyabr tarixinə təyin edilib.

Qeyd edək ki, Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakini Nəzirxan Ağaxanov "TikTok" sosial şəbəkəsində "Nəzirxan qanuni oğruların dədəsi" adlı hesab açaraq, həmin hesab vasitəsilə kriminal aləmdə "Rövşən Lənkəranski" ləqəbi ilə tanınan mərhum Rövşən Caniyev haqqında xoşagəlməyən ifadələr paylaşıb. Bundan sonra Nəzirxanın paylaşımlarını görən bir qrup şəxs onu cəzalandırmaq qərarına gəlib.

Təqsirləndirilən Şücaət Rzayev isə tanışı Elsevər Əhmədovun sifarişi ilə digər şəxslərlə birlikdə Nəzirxan Ağaxanovu oğurlayaraq təhqir edib, xəsarət yetirməkdə şübhəli bilinir. İttihamda bildirilir ki, təqsirləndirilənlər Nəzirxan Ağaxanovun mobil telefonunu əldə edib, onu iş görmək adı ilə Zabrat qəsəbəsindəki 118 saylı marşrut avtobusunun sonuncu dayanacağına çağırıblar. Onlar Nəzirxan Ağaxanovu orada qarşıladıqdan sonra söhbətə tutaraq bir qədər aralıya aparıb, öncədən planlaşdırdıqları kimi yük avtomobilinin yük yerinə yerləşdirərək əl qolunu və gözlərini yapışqan lentlə bağlayıb, yaşadığı Zabrat qəsəbəsindəki evinə aparıblar.

İstintaq materiallarında daha sonra qeyd olunub ki, Təbriz Əliyev, Elnur Alışov, Əhməd Əzizov və Murad Rzayev kəsici-deşici alətlərdən istifadə edərək müxtəlif işgəncələr verməklə onu yaşadığı evin həyətindəki toyuq hininə salıblar. Bundan sonra həmin şəxslər öncədən gətirdikləri qırmızı rəngli "gəlinlik" paltarını onun əyninə geyindirərək etdiyi paylaşımlara görə üzr istəməsi tələb edib, üzr videosunu sosial şəbəkələrdə paylaşıblar. Qanunsuz əməllərinə görə hüquq mühafizə orqanları tərəfində cinayət işi açılaraq təqsirləndirilən 7 nəfər barəsində Cinayət məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə yanaşı daha bir neçə ağır maddə ilə cinayət işi açılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Seymur Əli