Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) və digər maddələrlə təqsirləndirilən şəxs Mirzəyeva Samirə Yavər qızının məhkəmə prosesinin son iclası keçirilib.
"Unikal"ın məlumatına görə, hakim məhkəmə istintaqını yekunlaşdıraraq çıxış üçün dövlət ittihamçısına söz verib. Dövlət ittihamçısı Rauf Malışov ittiham nitqi ilə çıxış edərək Samirə Mirzəyevanın əvvəlki 9 ay azadlıqdan məhrum etmə cəzasını da nəzərə alaraq onun qəti olaraq 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı, zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi qanuna uyğun cəzanın tələb edilməsini xahiş edib.
Təqsirləndirilən şəxsin vəkili isə müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Son söz nitqi ilə çıxış edən Samirə Mirzəyeva 3 azyaşlı uşağına görə həbslə bağlı olmayan cəzanın verilməsini xahiş edib.
Hakimlər müşavirədən qayıtdıqdan sonra hökmü elan ediblər. Hökmə görə, Samirə Mirzəyeva 6 il müddətinə azadlıqdan məhrum edilib.
Samirə Mirzəyeva sosial təminat məsələlərinə köməklik göstərilməsi adı altında 13 vətəndaşın pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. Cinayət işində Dövlət Sosial Müdafiə Fonduda zərərçəkmiş qismində tanınır. Samirə Mirzəyeva əlillik dərəcəsinin təyini, bərpası və güzəştli sosial mənzillərin verilməsinə köməklik göstərilməsi ilə bağlı 2022-2023-cü illər ərzində ona müraciət etmiş bu işlə bağlı 13 şəxsə məxsus külli miqdarda pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Seymur Əli