Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs Əsədov Rəhim İsmayıl oğlunun məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
"Unikal"ın məlumatına görə, ilk olaraq tərəflərin anket məlumatları dəqiqləşdirilib. Zərərçəkənin hüquqi varisi Rüstəm İmanov özü ölümlə bağlı həbsdə olduğuna görə hüquqi varis olmaqdan imtina etmək istəsə də, hakim qısa müşavirə edərək vəsatəti təmin etməyib. Dövlət ittihamçısı Cövdət Mehrəliyev cinayət işinin aidiyyatı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə aid olduğunu bildirərək məhkəmə baxışının təyin edilməsini istəyib. Hakim müşavirədə sonra məhkəmə baxışının təyin olunması ilə bağlı qərarı elan edib, həbs qətimkan tədbiri dəyişmədən saxlanılıb.
Məhkəmənin ilkin baxış iclası oktyabr ayının 30-na təyin edilib.
Xatırladaq ki, 2024-cü il iyunun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib”, – məlumatda qeyd olunub.
Bildirilib ki, faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Seymur Əli