Bakıda həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Elnur Əliyevin cinayət işi üzrə məhkəməsinin ilk baxış iclası keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror Orxan Kəngərli ittiham aktını elan edib.
İttiham aktında Elnur Əliyevin cinayət işinin bəzi detalları məlum olub.
Belə ki, o, bu ilin mayın 16-da arvadı Elnaz Əliyeva ilə telefonla elaqe saxlayıb qonaq getdiyi anasıgildən evinə qayıtmasını tələb edib. Elnaz isə öz növbəsində onunla birgə yaşamaqdan bezdiyini və ayrilmaq istediyini bildirib. Sözlü mübahisədən sonra Elnur qisas almaq niyyəti ilə arvadı Elnazı öldürmək qərarına gəlir. Sonra bıçaq götürüb qayınanası gilin evinə gedib arvadını səsləyərək onunla getməsini tələb edib.
Elnurun baldızı onun bacısına nəsə edəcəyindən ehtiyat edib nənəsi Laçın Tatulovanı çağırır. Hadisə yerinə gələn nənə ilə Elnur arasında mübahisə düşür və bu zaman Elnur qəflətən nənənin üzünə yumruq zərbəsi vurur.
Bunu görən Elnurun qonşuları köməyə çağırmaq üçün həyətə qaçır. Elnur isə onun arxasınca qaçaraq boynundan tutub üzərində olan bıçaqla xəsarət yetirir.
Daha sonra o cinayətkar əməllərini davam etdirib arvadı Elnaz Əliyevanın üstünə hücum edərək onu arxası üstə yerə yıxıb əlindəki bıçağı nümayiş etdirərək "sənin başını kəsəcəm" kəlməsini işlədir. Bu zaman Elnazın nənəsi Laçın Tatulova müdaxilə edəndə, Elnur ona bıçaq zərbəsi endirir.
Laçın Tatulovanin onun əlində olan bıçağın tiyəsindən tutması səbəbindən barmaqları kəsilir.
Həmin vaxtı Elnurun baldızı qonaq otağından götürdüyü su qabını onun başına çırpdığı üçün müvazinətini itirib yerə yıxılır və cinayət əməlini sona kimi başa çatdıra bilmir.
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.2, 126.2.3 (Qəsdən sağlamlığa ağır zərər vurma) və 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.
Seymur Əli