Türkiyənin Ankara şəhərində yerləşən TUSAŞ aerokosmik korporasiyasının obyektində törədilən terror aktı nəticəsində ölənlərin sayı 5-ə, yaralıların sayı isə 22-yə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Məlumata görə, hücumda bir kişi və bir qadın olmaqla iki silahlı iştirak edib. Onların hər ikisi zərərsizləşdirilib. Şirkətin əməkdaşları üçün təhlükə yoxdur. Nazirin sözlərinə görə, hücumun arxasında PKK terror təşkilatı dayanıb.

Yerli mətbuatın verdiyi məlumata görə, terrorçular taksi ilə hadisə yerinə gəlib və sürücünü öldürüblər. Daha sonra silahlılar atəş açaraq obyektin xidməti girişinə tərəf yönəliblər. 

XXX

19:01

Türkiyədə baş verən terror hücumunda 3 nəfər həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Onun sözlərinə görə, hücumda 14 nəfər yaralanıb.

Terrorçulardan ikisinin zərərsizləşdirildiyi bildirilir.

XXX

17:44

Ankarada TUSAŞ aerokosmik şirkətinin obyektinin qarşısında atışma davam edir.

"Unikal" xəbər verir ki, içəridə girovların olduğu bildirilir. 

*** 17:23

Ankaranın Kahramankazan rayonunda Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı (TUSAŞ) obyektinin qarşısında silahlı hücum olub.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 15:20 radələrində baş verib.

Türkiyə daxili işlər naziri Ali Yerlikaya "X"hesabında etdiyi paylaşımda, terrorun baş verdiyini, ölən və yaralananların olduğunu bildirib.

Zərifə Nağıyeva