Yaxın Şərq genişmiqyaslı müharibə astanasındadır.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kazanda keçirilən “BRICS+/outreach” sammitində çıxışı zamanı deyib.
"Əksəriyyəti mülki şəxslər olan 40 mindən çox insan artıq Qəzza zolağında gedən döyüşlər zamanı həlak olub", - Rusiya lideri bildirib.
O əlavə edib ki, Qəzzada başlayan hərbi əməliyyatlar Livana da yayılıb: "İran-İsrail qarşıdurmasının temperaturu kəskin şəkildə yüksəlib. Bütün bunlar zəncirvari reaksiyaya bənzəyir və Yaxın Şərqi genişmiqyaslı müharibənin astanasına qoyur".
Putin vurğulayıb ki, İsrail-Fələstin münaqişəsinin həlli İsraillə dinc yanaşı yaşayacaq müstəqil Fələstin dövlətinin yaradılması yolu ilə olmalıdır: "Fələstin xalqına qarşı tarixi ədalətsizliyin aradan qaldırılması Yaxın Şərqdə sülhün təminatına çevrilə bilər. Nə qədər ki, bu məsələ həll olunmayıb, şiddətin amansız zəncirini məhv etmək mümkün olmayacaq".
Ağarza Elçinoğlu