Samux rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam etdirilir. Samux Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq keçirilən növbəti ağacəkmə aksiyası Ziyadlı kəndinin inzibati ərazisində, Samux-Kür yolunun kənarında təşkil olunub.
"Unikal" xəbər verir ki, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhid ailələri, qazilər, RİH-nin əməkdaşları, idarə müəssisə və təşkilatların kollektivləri, eləcə də gənc könüllülər avtomobil yolunun kənarına yerli iqlim şəraitinə uyğun gələn xan çinarı,şam, sərv ağacları, oleandr və bəzək gül kolları əkiblər.
Aksiya çərçivəsində əvvəl əkilən ağac tinglərinə aqro-texniki qulluq göstərilib və yenidən suvarılması təmin edilib. Qeyd edək ki, son 5 gün ərzində Samux rayonunda 9 mindən çox xan çinarı, şam, sərv ağaclarının tingləri, oleandr və bəzək gül kolları əkilib. Əkilən ağacların suvarılması üçün müasir damcılı suvarma sistemi çəkilib.
Kampaniyanın oktyabr ayının sonundək davam etdirilməsi nəzərdə tutulur. Rayon ərazisində mövsüm ərzində 20 hektar ərazidə 12 minədək tingin əkilməsi planlaşdırılır.