Mədəniyyət Nazirliyi, Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə 26 avqust – Laçın Şəhəri Günü üçüncü dəfə təntənə ilə qeyd olunacaq.

"Unikal" xəbər verir ki, tədbirdə doğma yurda qayıdan laçınlılarla yanaşı, rəsmilər, mədəniyyət xadimləri və digər qonaqlar iştirak edəcəklər.

Azərbaycanın tanınmış incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunacaq.
Məlum olduğu kimi, 2025-ci il Laçın şəhəri üçün xüsusilə əlamətdardır. MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın bu il “MDB-nin mədəniyyət paytaxtı” missiyasını həyata keçirir.

Şəhər Günü çərçivəsində 25–29 avqust tarixlərində Laçın şəhərində “MDB ölkələrinin Gənclər Düşərgəsi” və “MDB ölkələrinin Beynəlxalq Kino Günləri” keçirilir.

Tədbirlər Azərbaycan Mədəniyyət Nazirliyi, Gənclər Fondu, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə təşkilatçılığı ilə reallaşır.

Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın təmsil olunacağı düşərgə çərçivəsində gənclər yaradıcı sənayelərlə bağlı işçi qruplarda müzakirələr aparacaq, birgə layihə ideyaları hazırlayacaq və təqdim edəcəklər. Bununla yanaşı, teatr, incəsənət və media yaradıcılığı sahələrində ustad dərsləri də təşkil ediləcək.

“MDB ölkələrinin Beynəlxalq Kino Günləri”ndə isə hər ölkədən bir film Azərbaycan dilində altyazı ilə nümayiş olunacaq.

Laçında keçiriləcək beynəlxalq layihələr MDB ölkələrinin gəncləri arasında əməkdaşlığa, mədəniyyətlərarası dialoqun güclənməsinə və yeni yaradıcılıq təşəbbüslərinin formalaşmasına töhfə verəcək.