Təhlükəsizlik qüvvələri Rusiyanın Vladimir vilayətinin Sobinsky bələdiyyə dairəsinin deputatını xüsusilə külli miqdarda dələduzluq və qul əməyindən istifadədə ittiham edərək həbs ediblər.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.
"Şübhəlilər 2022-ci ilin fevralından 2024-cü ilin oktyabrına qədər deputata məxsus avtoyuma məntəqəsində üç nəfəri qanunsuz olaraq qul əməyindən istifadə edərək saxlayıblar. Mütəşəkkil dəstə üzvləri zərərçəkmişlərə qarşı zorakılıq tətbiq etməklə, onları günün istənilən vaxtı öz iş vəzifələrini və tapşırıqlarını pulsuz yerinə yetirməyə məcbur ediblər", - deyə məlumatda bildirilir.
Qeyd olunub ki, deputat cinayətkar qrupun digər üzvləri ilə birlikdə Ukrayna müharibəsi qurbanının bank hesabından bir milyon rubldan çox pul oğurlayıb.
Bütün təqsirləndirilən şəxslər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşdırılmaqla, xüsusilə külli miqdarda dələduzluq) və Cinayət Məcəlləsinin 127.2-ci maddəsinin 3-cü hissəsi ilə (iki və ya daha çox şəxsdən ibarət mütəşəkkil qrup tərəfindən zorakılıq törədən və ya ondan istifadə ilə hədələyərək qul əməyindən istifadə etmə) ittiham olunublar. Onları 20 ilə qədər həbs gözləyir.
Müstəntiqlər zərərçəkmişləri və şahidləri dindirib, hadisə yerinə baxış keçirib, o cümlədən şübhəlilərin yaşayış evlərində axtarış aparıblar. Bu zaman silah-sursat, nağd pul, bank kartları, kompüter avadanlığı götürülüb, zəruri ekspertizalar təyin edilib.
Ağarza Elçinoğlu