28 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Milli Məclisin Səhiyyə komitəsinin sədri, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov və Milli Məclisin deputatı, TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının üzvü Ağalar Vəliyev TÜRKPA Müşahidə Missiyasının tərkibində Ali Məclisin Qanunvericilik Palatasına keçirilən seçkilərin qısa müddətli müşahidəsinin yekunlarına dair keçirilən mətbuat konfransında iştirak edib.
"Unikal" xəbər verir ki, mətbuat konfransında çıxış edən Əhliman Əmiraslanov Missiyanın proqramı çərçivəsində müşahidə prosesinin ilk günündən həyata keçirilən fəaliyyət haqqında məlumat verib. Cənab Əmiraslanov bildirib ki, Missiya seçki idarəetmə orqanlarının seçkilərə hazırlıqları səmərəli şəkildə həyata keçirilməsini və MSK-nın aşağı seçki komissiyalarına təlimlərin keçirilməsi, seçki prosesinə dair ictimai maarifləndirmənin artırılması ilə bağlı işini təqdir edir.
Eyni zamanda cənab Əmiraslanov əlilliyi olan seçicilərin seçki hüquqlarının təmin edilməsi üzrə tədbirləri yüksək qiymətləndirib və bu çərçivədə, ziyarət edilmiş seçki məntəqələrinin bu seçicilər üçün münasib olduğunu qeyd edib.
Seçki fəaliyyətini rəqəmsallaşdıran və vətəndaşları seçkilərlə bağlı məlumatla təmin edən “E-saylov” informasiya sisteminin işlənib hazırlanması da müsbət olaraq qeyd edilib.
Missiya öz fəaliyyətində TÜRKPA-nın “Seçki müşahidəsi haqqında” Əsasnaməsinə və müvafiq beynəlxalq sənədlərə uyğun olaraq, obyektivlik, ədalət, şəffaflıq və qərəzsizlik prinsiplərinə riayət etmişdir.
TÜRKPA Missiyası Özbəkistan Respublikasında 27 oktyabr 2024-cü il parlament seçkilərinin Özbəkistan Respublikasının milli qanunvericiliyinə və beynəlxalq seçki standartlarına uyğun keçirildiyi nəticəsinə gəlmişdir.
İlk dəfə olaraq, Qanunvericilik Palatasına seçkilər proporsional təmsilçilik və majoritar sistemləri birləşdirən qarışıq seçki sistemi əsasında keçirilmişdir.
TÜRKPA Missiyası 2024-cü il oktyabrın 25-də Özbəkistanda işinə başlamışdır. Müşahidə proqramı çərçivəsində Missiya Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva və Özbəkistan Respublikası MSK-nın sədri Zayniddin Nizamxocayev ilə görüşlər keçirmişdir. Görüşlər zamanı Missiyaya parlament seçkilərinə hazırlıqlar və seçkilərin əsas xüsusiyyətlərinə dair məlumat verilmişdir.
Missiya həmçinin seçkilərdə iştirak edən siyasi partiyaların rəhbərləri ilə görüşmüşdür.