“BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) qlobal siyasi və iqtisadi müstəvidə mühüm platforma kimi diqqət çəkir. Bu platforma ölkələr arasındakı siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığı daha da dərinləşdirmək baxımından əhəmiyyətlidir”.
Bu fikirləri “Unikal”a açıqlamasında Milli Məclisin deputatı Heydər Əsədov səsləndirib.
O bildirib ki, BRICS platformasında bir araya gələn ölkələr qlobal iqtisadiyyatın inkişafında özlərinə məxsusu rol almaqla yanaşı, qarşılıqlı olaraq bir-birilərinə dəstək verirlər. Onun sözlərinə görə, Prezident İlham Əliyevin oktyabrın 24-də XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatında iştirakı Azərbaycanın beynəlxalq siyasi müstəvidəki rolunu daha da artırmağa xidmət edir:
“Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Dövlətimizin başçısı çıxışı zamanı Azərbaycanın çoxşaxəli beynəlxalq əməkdaşlıq prinsipinə sadiqliyini və Qoşulmama Hərəkatına sədrliyi dönəmində qlobal münasibətlərdəki rolunun əhəmiyyətindən danışıb. Bu, ölkəmizin Cənubi Qafqazda və Avrasiya regionunda tranzit və logistika mərkəzi kimi mühüm bir mərkəz olduğunu göstərir. Cənab İlham Əliyev xüsusən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin Azərbaycanın üzərindən keçməsi ilə ölkənin beynəlxalq yükdaşımalar və iqtisadi əməkdaşlıq üçün əhəmiyyətini vurğulayaraq, bu kimi əməkdaşlıq platformalarının vacib amil olduğunu bəyan edib. Ölkəmizin COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi edəcəyi və bu addımın dövlətimizin qlobal miqyasda ekoloji məsələlərdə fəal mövqeyinə sadiqliyini göstərdiyi ortadadır”.
Millət vəkili onu da qeyd edib ki, BRICS+ formatında Azərbaycanın iştirakı ölkənin bu qlobal blokla iqtisadi və siyasi əlaqələrini genişləndirmək istiqamətində lazımi addımları atmağa hazır olduğunu göstərir. Onun qənaətincə, bütün bunlar Azərbaycanın yalnız regionda deyil, eyni zamanda, qlobal müstəvidə də güc mərkəzi ola biləcək bir ölkə olduğunu sübut edir:
“BRICS-in inkişaf etməkdə olan ölkələr üçün geosiyasi balans yaratmağa xidmət etdiyini nəzərə alsaq, bu platforma beynəlxalq səviyyədə Qərbin dominant olduğu strukturlara qarşı birgə fəaliyyət göstərmə imkanı yaradır. BRICS platformasında cəmləşən ölkələrin qlobal qərar qəbuletmə prosesində daha çox səsə sahib olması üçün bir mexanizm yaradır ki, bu da həm Azərbaycan, həm də digər üzv ölkələr üçün əhəmiyyətlidir".
Seymur Əli