Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs Yadigar Ramiz oğlu Bilalovun məhkəmə prosesinin növbəti iclası keçirilib.
"Unikal"ın məlumatına görə, Yadigar Bilalovun məhkəmə prosesində sənədlərin tədqiqi zamanı təqsirləndirilənin əvvəllər məhkum olunmadığı məlum olub. Zərərçəkmiş İlqar İbrahimovun 95 min manat ziyanından hər hansı məbləğ ödənilmədiyi, digər zərərçəkən Xuraman Məmmədovaya isə 44 min 750 manat ziyandan 4 min manat ödənildiyi məlum olub. İttihama görə, Yadigar Bilalov 3,5 kq qızıl-zinət əşyalarını Türkiyə Respublikasından gətirmək məqsədi ilə Xuraman Məmmədovadan yuxarıda sadalanan məbləği alıb.
Təqsirləndirilən Yadigar Bilalov son söz çıxışında belə bir ifadə işlədib: "İlqar, sən məndən polisə şikayət edə bilərsən, mən isə səndən Allaha şikayət edəcəm. Mənim azadlıqda kifayət qədər alacağım var. Himayəmdə iki azyaşlı uşağının olmasını nəzərə almağınızı xahiş edirəm. Qardaşımda hərbi xidmətdə vəfat edib. 6 övladı olan ailəyə tutulan 2 aya kimi yardım etmişəm. Mən pulu ödəmək istəyirəm.
Çıxışlardan sonra hakim hökmü elan edib. Hökmə əsasən Yadigar Bilalov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət işində 2 nəfər- İbrahimov İlqar David oğlu və Məmmədova Xuraman Mədət qızı tanınıb. Yadigar Bilalov 1-ci şəxsə 95 min, 2-ci şəxsə isə 44750 min manat dələduzluq edib. Məlum olub ki, Yadigar Bilalov Moskva Univermağında qızılın alışı-satışı ilə məşğul olub. Dələduzluq etdiyi şəxslərdə elə qızıl alverçiləri olub.
Hakim məhkəmə istintaqının bitməsini elan edərək çıxış üçün dövlət ittihamçısı Tural Yaqubova söz verib. Dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərək Yadigar Bilalovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxs İlqar İbrahimov zərərçəkmiş şəxslə barışmadığını, onun 2 milyon manatdan yuxarı məbləği harada gizlətdiyini bilmək istədiyini məhkəmənin nəzərinə çatdırıb. Digər zərərçəkən Xuraman Məmmədova isə Yadigar Bilalovla barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi.
Seymur Əli