Novı Sad şəhərində dəmir yolu vağzalının beton örtüyünün uçması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər Nazirliyinin rəhbəri İvitsa Daçiç məlumat verib.

O əlavə edib ki, ölənlərin sayı yekun deyil. Yaralıların təcili yardım mərkəzinə çatdırılması davam edir. 

Xatırladaq ki, bu gün günorta saatlarında dəmiryol vağzalı binasının giriş qapısı üzərində şüşə, metal və betondan hazırlanmış çardaq uçub. 

Şəhər rəhbərliyi üçgünlük matəm elan edib. Bundan əlavə, noyabrın 2-də bir günlük ümummilli matəm elan edilib.

*** 20:33

Serbiyanın Novı Sad şəhərində dəmiryolu vağzalında stansiya binasının tavanın bir hissəsi çöküb.

"Unikal" xəbər verir ki, hadisə Novı Sad-Subotiça yüksəksürətli dəmiryolu xəttinin tikintisi layihəsi çərçivəsində stansiya binasının təmiri ilə bağlı aparılan işlər çərçivəsində baş verib.

Əraziyə təcili tibbi yardım maşınları və mülki müdafiə qüvvələri cəlb olunub. Stansiyada qatarların hərəkəti dayandırılıb və başqa istiqamətə yönəldilib.

Qəza nəticəsində 8 nəfərin həlak olduğu, iki nəfərin isə dağıntılar altından sağ çıxarıldığı bildirilib. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini araşdırır.