Daxili İşlər Nazirliyinin əməkdaşları Vətən müharibəsində və antiterror tədbirlərində vəzifə borclarını şərəflə və qəhrəmanlıqla icra etdilər

İkiəsrlik münaqişəyə və 30 illik müharibəyə son qoyan böyük Zəfərin 4-cü ildönümünü artıq ərazi bütövlüyünün və suverenliyin tam təmininin bəxş etdiyi qürur hissi ilə qeyd edirik. Müzəffər Ali Baş Komandanın, Azərbaycan Silahlı Qüvvələrinin və xalqımızın vahid ümummilli hədəfi ətrafında səfərbər olmaqla birgə qazanılan bu qələbə tarixi ədaləti bərpa etdiyi kimi, dövlətimizin qüdrətini də nümayiş etdirdi. 

Bu zəfər eyni zamanda Silahlı Qüvvələrimizin, habelə Daxili İşlər Nazirliyinin şəxsi heyətinin Vətən, xalq və Prezident qarşısında vəzifə və öhdəliklərinin layiqli icra hesabatı oldu.

Qarabağ uğrunda ön cəbhədə

2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatı nəticəsində Murov istiqamətindən başlayan hərbi əməliyyatların 2023-cü ilin 20 sentyabrında Qələbə bayrağımızın Xankəndidə ucalmasınadək davam edən şanlı Zəfər yürüşündə Daxili İşlər Nazirliyinin əməkdaşları və hərbi qulluqçuları da böyük şücaət, fədakarlıq nümunələri göstərdilər, qanları və canları hesabına Qarabağın tam azadlığına nail oldular.

Unutmayaq ki, onlar paytaxtımızın Azadlıq meydanında, ardınca da Xankəndidə keçirilmiş qələbə paradlarında Müzəffər Ali Baş Komandana Qələbə raportunu verən, həmçinin ötən əsrin sonlarından etibarən torpaqlarımızın bütövlüyü uğrunda başlayan savaşın ilk qəhrəmanlarından idilər.

Bu mübariz qurumun cəsurluq, mərdlik kimi qətiyyətli prinsiplər əsasında formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə müasir silah və texnika ilə təchiz edilmiş erməni hərbi birləşmələrinə qarşı Vətənin müdafiəsinə ilk olaraq qalxan, milli müqavimətin önündə dayanan və uzun müddət rəşadətlə vuruşan yeganə nizami qüvvə məhz Daxili İşlər Nazirliyinin şəxsi heyəti oldu. 

Vətən savaşında 1695 əməkdaşı və hərbi qulluqçusu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər "Milli Qəhrəman" adına, 1143 nəfər orden və medallara layiq görüldü. Bu rəqəmlər yalnız statistika deyil, əslində, polisin və Daxili Qoşunların qürur, şərəf salnaməsinin ən parlaq səhifələrindən biridir.

Daxili işlər orqanları I Qarabağ savaşında yarımçıq qalmış missiyanı II Qarabağ müharibəsində Zəfərlə yekunlaşdırdı, Ali Baş Komandanın "İrəli!" əmrini 44 gün ərzində layiqincə icra etdi. 

 

Cəbhənin bütün istiqamətlərində, ən ağır döyüşlərdə, ən çətin əməliyyatlarda, o cümlədən Şuşanın azad edilməsində iştirak edərək, yüksək peşəkarlıqları və böyük vətənpərvərlikləri ilə qəhrəmanlıq örnəkləri yaratdılar, düşmənə qarşı cəsarətlə vuruşaraq, torpaqlarımızın azad olunması üzrə döyüş tapşırıqlarını tam həcmdə yerinə yetirdilər. 

Vətən müharibəsi dövründə Daxili İşlər Nazirliyinin tibbi və maddi-texniki təminat xidmətlərinin hərbi qulluqçuları da döyüş bölgəsinə ezam olundular, öz sahələri üzrə qarşıya qoyulan vəzifələrin öhdəsindən bacarıqla gəldilər. Səfərbərliyə cəlb edilənlər sırasında ehtiyatda olan hərbi qulluqçular da vardı. Övladları və yaxın qohumları döyüşlərdə həlak olmuş, habelə qazi olan veteranlar da yetərincə idi.

II Qarabağ savaşında Qoşunların 66 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucaldı, 346 nəfər yaralandı. Ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıqlara görə 4 nəfər "Vətən Müharibəsi Qəhrəmanı" adı, 39 nəfər "Zəfər", "Qarabağ", "Azərbaycan bayrağı" və "Rəşadət" ordenləri ilə, daha 1833 nəfər müxtəlif medallarla təltif olundu.

Vətən müharibəsindən sonra həyata keçirilən hərbi əməliyyatlar, ən nəhayət, antiterror tədbirləri daxili işlər orqanlarının döyüş tarixinin növbəti şərəfli səhifəsi oldu. Ötən ilin 19-20 sentyabrında Daxili İşlər Nazirliyinin şəxsi heyətinin də iştirak etdiyi antiterror tədbirlərində 24 saatdan da az bir müddətdə Azərbaycan Respublikasında separatizm birdəfəlik məhv edildi. 

Bu əməliyyatda da yüksək peşəkarlığa və döyüş hazırlığına malik olduqlarını nümayiş etdirən əməkdaşlar və hərbi qulluqçular yeni qəhrəmanlıq dastanı yazdılar. 20 nəfər şəhidlik zirvəsinə ucaldı, 24 nəfər isə yaralandı. Antiterror tədbirləri zamanı mərdlik və şücaət göstərdiklərinə görə şəxsi heyətdən 14 nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 12 nəfər "Vətən uğrunda", 24 nəfər "İgidliyə görə" və 64 nəfər "Hərbi xidmətlərə görə" medalları ilə təltif edildi. 

 

Bütövləşən Azərbaycanın asayişinin etibarlı mühafizləri

Bu gün daxili işlər orqanlarının əməkdaşları Xankəndidə, Xocalıda, Şuşada, Ağdamda, Füzulidə, Cəbrayılda, Laçında, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda, Xocavənddə, Ağdərədə müqəddəs vəzifə borclarını şərəflə, məsuliyyətlə yerinə yetirirlər. Bütövləşən Azərbaycanın asayişinin etibarlı mühafizçisi missiyasını indi daha böyük nailiyyətlərin və fəaliyyətdə davam edən uğurların işığında həyata keçirirlər.

Qarşıda duran əsas milli vəzifə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və həmin ərazilərə Böyük Qayıdışın təmin edilməsi olmaqla bu proseslə bağlı həyata keçiriləcək bütün işlər Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixdə təsdiq etdiyi "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda öz əksini tapıb və bu konseptual sənədin uğurlu icrasında respublikamızın hüquq-mühafizə orqanlarının, o cümlədən Daxili İşlər Nazirliyinin üzərinə böyük məsuliyyət düşür. 

Vətənə xidmət missiyası işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması sahəsində də davam edir. Xatırladaq ki, hələ dörd il öncə Prezidentin sərəncamı ilə Azərbaycanda hərbi vəziyyətin elan olunması ilə əlaqədar 22 şəhər və rayonda komendant saatı tətbiq edilmişdi. 

2020-ci il sentyabrın 28-dən dekabrın 12-dək qüvvədə olan komendant saatı dövründə daxili işlər orqanları yalnız hərbi vəziyyət rejiminin tətbiq edildiyi inzibati ərazi vahidlərində deyil, ümumən respublika üzrə səfərbər oldular. 

Ermənistan təslimçilik aktını imzalamamış və savaş bitməmiş Prezident böyük müdriklik və uzaqgörənliklə "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" fərman imzaladı. 2020-ci il 29 oktyabr tarixli həmin fərmana əsasən, işğaldan azad olunmuş ərazilərdə hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların yaradılması qərara alındı və yüksək etimad göstərilərək onların fəaliyyətinin təşkili Daxili İşlər Nazirliyinə həvalə edildi. 

Fərman imzalandıqdan dərhal sonra bütün ərazilər üzrə komendantlıqlar yaradıldı, müvəqqəti komendantlar təyin olundu. Daxili İşlər Nazirliyinin və digər dövlət strukturlarının təmsilçilərinin iştirakı ilə ərazi komendantlıqları işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejiminin tətbiqindən başlayaraq bütün istiqamətlər üzrə mühüm vəzifələrin icrasına başladı.

Nəzərə alaq ki, bu bölgədə təhlükəsizlik tədbirləri görülmədən bərpa-yenidənqurma işlərinin aparılması, dinc həyatın bərqərar edilməsi, vətəndaşlarımızın məskunlaşması mümkün olmazdı. Daxili İşlər Nazirliyinin şəxsi heyəti işğaldan azad olunmuş Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Xocavənd, Xocalı, Ağdərə rayonlarının, eləcə də Şuşa və Xankəndi şəhərlərinin ərazilərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin mühafizəsi, terror, təxribat və digər qanunazidd fəaliyyətin qarşısının alınması, giriş-çıxışın xüsusi rejiminin tətbiqi üzrə xidməti tapşırıqları bu gün də yerinə yetirir, o cümlədən öz yurdlarına dönən keçmiş məcburi köçkünlərin təhlükəsizliyi təmin edilir.

 

Vətənin keşiyində

Daxili İşlər Nazirliyinin şəxsi heyətinin işğaldan azad edilmiş ərazilərdə xidməti-döyüş fəaliyyəti çoxşaxəli olmaqla yüksək peşəkarlıq, qətiyyət və əzmkarlıq tələb edir. Ötən dövrdə çoxsaylı silah-sursat və partlayıcı maddələrin aşkarlanması da əməkdaşların sayıqlığını göstərir. 

Bu ərazilərdə nazirliyin yerli şöbələrinin fəaliyyəti təşkil olunub, eləcə də əməkdaşları və hərbi qulluqçuları öz xidməti vəzifələrini və qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirir, Ali Baş Komandanın etimadını ləyaqətlə doğruldur və nəticə etibarı ilə Qarabağda və Şərqi Zəngəzurda təhlükəsizlik tam təmin olunur. 

Müzəffər Ali Baş Komandanın "Qarabağa, tarixi torpaqlarımıza onun sahibləri, biz qayıtmışıq. Bu torpaqlardan bir də heç vaxt çıxmayacağıq" bəyanatı daxili işlər orqanlarının əməkdaşları üçün bu bölgədə xidmətin əsas məramı, məqsədi və hədəfidir. Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurda xidməti fəaliyyət Azərbaycan Daxili İşlər Nazirliyinin şərəf salnaməsidir.

Əlbəttə, Vətən müharibəsində qazanılan qələbə daxili işlər orqanları qarşısında müasir dövrün təhdid və çağırışlarından irəli gələn vəzifələr və məsuliyyətlər müəyyənləşdirdi. Böyük Zəfərin reallıqları şəxsi heyətin fəaliyyətinin təkmilləşməsində həm də yeni inkişaf mərhələsinin əsasını qoydu və bu əsaslar üzərində şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə qorunub saxlanılmasını, peşəkarlığının artırılmasını təmin edəcək növbəti islahatlar dövrü başladı. 

 

 

Ali Baş Komandan İlham Əliyev polisin və Daxili Qoşunların xidməti və döyüş hazırlığının yüksəldilməsini daim nəzarətdə saxlayıb, müasir silah və texnika ilə təminatı, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi sahəsində vacib qərarlar qəbul edib. Bütün bunlar Daxili İşlər Nazirliyinin qarşıya qoyulan xidməti-döyüş tapşırıqlarını tam və yüksək səviyyədə yerinə yetirməyə qadir dövlət orqanı kimi formalaşmasını təmin edib, şəxsi heyətinin peşəkarlığını, o cümlədən xidməti hazırlığını daha da artırıb. 

Mərhələlərlə və ardıcıllıqla həyata keçirilən hərtərəfli quruculuq işləri sayəsində Daxili İşlər Nazirliyi dövlətimizin etibarlı dayaqlarından birinə çevrilib.

Dövlət himayəsi özünü döyüş qabiliyyətinin yüksəldilməsi ilə yanaşı, yeni xidmət obyektlərinin, həmçinin hərbi hissələrin və hərbi şəhərciklərin ərsəyə gəlməsində daha aydın göstərib və Prezident İlham Əliyevin son illər Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində, Ağstafa və Ağcabədi rayonlarında yeni inşa olunmuş hərbi şəhərciklərinin açılışlarında iştirakı sözsüz ki, yüksək diqqətin və qayğının bariz nümunəsidir. 

Müzəffər Ali Baş Komandan şəxsi heyətin döyüş hazırlığı ilə yanaşı, sosial-məişət şəraiti ilə də yaxından tanış olur, onların maddi-texniki təminatı ilə maraqlanır və hər bir səfəri yeni sosial, xidmət obyektinin açılışı ilə əlamətdar olur. 

Dövlət başçısının daxili işlər orqanlarına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəxsi heyətinin sosial müdafiəsinin gücləndirilməsinə, infra-strukturunun yenilənməsinə göstərdiyi ali diqqət, fəaliyyətinə verdiyi böyük dəyər və etimadı şəxsi heyət tərəfindən minnətdarlıqla qarşılanır. 

 

Dövlətə dayaq, vətəndaşa dost, təhlükəyə düşmən

Birinci Qarabağ müharibəsində, Vətən savaşında və antiterror tədbirində şəhid olan əməkdaşlar daim böyük ehtiramla anılır. Onların şanlı irsi yaşadılmaqla yanaşı, ailələri və doğmaları da daim Daxili İşlər Nazirliyinin himayəsindədir. Döyüşlərdə yaralanmış əməkdaşlar və hərbi qulluqçular eyni qayğı və diqqətlə əhatə olunublar. Bu mənada polis orqanlarında xidmət keçmək arzusunda olan şəhid övladlarına və Vətən savaşında iştirak etmiş gənclərə lazımi şərait yaradılır. Fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü müvafiq tələblərə cavab verən yüzlərlə gənc xidmətə qəbul edilib.

Nazirliyin şəxsi heyətinin ön cəbhəylə yanaşı, arxa cəbhədə də şərəfli xidməti dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilib. Koronavirus pandemiyası dövründə bu strukturun əməkdaşları böyük fədakarlıqları və əzmkarlıqları, yüksək səviyyədə fəaliyyətləri ilə seçildilər, əhalinin sağlamlığının qorunması üçün gecəli-gündüzlü xidmət apararaq ön sırada addımladılar.

Ümumən polisin və Daxili Qoşunların keçdiyi yol bir daha sübut edir ki, bu qurumların şəxsi heyəti həmişə xalqın əmin-amanlığının, daxili sabitliyin sadiq keşikçisi olub, o cümlədən respublikamızın ərazi bütövlüyünün müdafiəsində və bərpasında fəal iştirak edib və indi də yüksək peşəkarlığı ilə seçilərək dövlət əhəmiyyətli, mürəkkəb xidməti-döyüş tapşırıqlarının öhdəsindən cəsarətlə gəlir.

Asayişin, daxili təhlükəsizliyin keşiyində əzm və qətiyyətlə dayanır, respublikamızın inkişafı və qüdrətlənməsi naminə öz mühüm funksiyalarını layiqincə həyata keçirməyə çalışır, Vətənə, xalqa, Ulu Öndərin irsinə, möhtərəm Prezidentin siyasətinə sədaqət andını bir an belə unutmur. 

Ərazi bütövlüyünün və milli suverenliyin etibarlı dayaqlarından olan daxili işlər orqanları bu gün Qarabağ və Şərqi Zəngəzurda təhlükəsizliyin, sabitliyin və konstitusion hüquqların layiqli keşiyindədir və bu qurumun hər bir əməkdaşı Müzəffər Sərkərdəmizin qazandığı Zəfərin müstəqilliyimiz kimi əbədi olması naminə qətiyyətlə, fədakarlıqla xidmət edir.