Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova Qazaxıstana işgüzar səfəri çərçivəsində “QS Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2024” də iştirak edib. Əl-Fərabi adına Qazax Milli Universitetində təşkil olunan bu tədbir dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “QS” Beynəlxalq Reytinq Agentliyinin təşkilatçılığı ilə keçirilib. 

"Unikal" xəbər verir ki, Azərbaycanın Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi, 8 aparıcı ali təhsil müəssisəsinin rəhbərləri və nümayəndə heyətinin qatıldığı pre-sammitin rəsmi açılış hissəsində Qazaxıstan Prezidentinin müşaviri, Qazaxıstanın elm və ali təhsil naziri və “QS” Beynəlxalq Reytinq Agentliyinin rəhbərliyi də iştirak edib. Sammitdə Azərbaycanın elm və ali təhsil sahəsində mövcud vəziyyəti və Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. 

Sammit zamanı professor Gülçöhrə Məmmədova Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru professor Janseit Tuymebayevlə işgüzar görüş keçirib, akademik əməkdaşlığın gücləndirilməsi məqsədi ilə müqavilə imzalayıb. 

Səfər çərçivəsində AzMİU-nun rektoru Qazaxıstanın bir neçə nüfuzlu ali təhsil müəssisələrində görüşlər də keçirib. Görüşlərdə tərəflər, təhsil və elmi əməkdaşlığın genişləndirilməsi, akademik mübadilə, birgə tədqiqatlar istiqamətində bir sıra konkret təşəbbüsləri müzakirə ediblər. 

İşgüzar səfərin birinci günü professor Gülçöhrə Məmmədova Qazaxıstanın Satbayev Universiteti və Beynəlxalq Təhsil Korporasiyasında olub və ali təhsil müəssisələrinin rektorları ilə görüşüb. Görüşlərdə akademik mübadilə, birgə tədqiqatlar və ikili diplom proqramları kimi sahələrdə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi mövzusunda müzakirələr aparıb. 

Rektor professor Gülçöhrə Məmmədovanın Beynəlxalq Təhsil Korporasiyasının rektoru professor Marqarita İmandosova ilə görüşü zamanı əməkdaşlıq müqaviləsi də imzalanıb.  Müqavilədə hər iki universitet arasında əlaqələrin yaradılması, müştərək konfrans və simpoziumların keçirilməsi, birgə proqram və layihələr üzərində işlənilməsini nəzərdə tutulub.

Qeyd edək ki, sammitdə rektor professor Gülçöhrə Məmmədovanı AzMİU-nun Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev, rektorun köməkçisi Araz Əhmədov, Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə, şöbənin əməkdaşı Cəmilə Səfərova, İqtisadi nəzəriyyə və marketinq kafedrasının müəllimi Kənan Həsənov müşayiət edib.