COP29 Azərbaycan Əməliyyat Şirkəti və “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin (AZSTANDART) birgə həyata keçirdiyi Bakı şəhəri ərazisində yerləşən ictimai iaşə obyektlərinin ekoloji dayanıqlılığının qiymətləndirilməsi layihəsi yekunlaşıb.

COP29 Azərbaycan Əməliyyat Şirkətindən "Unikal"a bildirilib ki, oktyabrın əvvəlindən icrasına başlanılmış müştərək layihənin məqsədi ictimai iaşə obyektlərinin ekoloji cəhətdən dayanıqlılığını təmin etmək üçün bu sahədə qüvvədə olan beynəlxalq və dövlət standartlarının tələblərini təşviq etmək, eləcə də dayanıqlı fəaliyyət standartlarına uyğun olaraq restoranların fəaliyyətinin qiymətləndirilməsi olub. Layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq ISO standartlarının tələblərinə xüsusi uyğunlaşdırılmış qiymətləndirmə şkalası yaradılıb.

Qiymətləndirilmə prosesi layihənin məqsədlərinə uyğun olaraq müvafiq beynəlxalq və dövlət standartlarının tələbləri əsasında AZSTANDART tərəfindən ödənişsiz həyata keçirilib. Qiymətləndirmə enerji səmərəliliyi, sudan qənaətlə istifadə, tullantıların dayanıqlılıq standarlarına uyğun çeşidlənməsi və idarə olunması, işçilərin təhlükəsizlik qaydalarına riayət etməsi kimi bir sıra meyarlara görə aparılıb.

Layihə çərçivəsində qiymətləndirmədə iştirak edən və müvafiq meyarlara cavab verən bir sıra ictimai iaşə obyektlərinə xüsusi nişanlar təqdim olunub, onların dayanıqlılıq standartlarına uyğunluğu təsdiqlənib. Restoran girişində yerləşdiriləcək bu nişanlar qiymətləndirmə prosesindən uğurla keçmiş obyektlərin ekoloji dayanıqlılığını, müəyyənləşdirilmiş meyarların tələblərinə uyğunluğunu və etibarlılığını təsdiq edəcək. Sertifikatlaşmış bu restoranlar, həmçinin COP29-un rəsmi veb-saytında mövcud xəritədə öz əksini tapacaq.

Əlavə edək ki, qiymətləndirmənin yekununda prosesdə iştirak etmiş hər bir ictimai iaşə obyektinə ekoloji dayanıqlılıq baxımından gələcək fəaliyyətlərinin təkmilləşdirilməsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşmaları məqsədilə tövsiyələrdən ibarət hesabat təqdim olunub.