Zaqatala rayonundan olan şəhidlərin ailə üzvləri – Həvva Nəbiyeva, Ramazan Mahmudov, Nəsib Məmmədov və Hüseyn Xanməmmədov Ümrə ziyarəti üçün Milli Məclisin deputatı Asif Əsgərova müraciət ediblər.
"Unikal" xəbər verir ki, müraciətləri nəzərə alınaraq millət vəkilinin şəxsi dəstəyi ilə Ümrə ziyarətinə yola salınacaq şəhid ailələri ilə görüş keçirilib.
Görüş zamanı Asif Əsgərov xoş arzularını bildirərək qeyd edib ki, şəhidlər bizim qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, onların xatirəsini uca tutur.
Ziyarətə yola düşəcək şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.