Binəqədi rayonunda bacısını qətlə yetirməkdə ittiham olunan Təbriz Qasımovun məhkəməsinin hazırlıq iclası keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Dövlət ittihamçısı işin məhkəmə baxışına verilməsini istəyib. Məhkəmə baxışı 18 noyabr tarixinə təyin edilib.
Xatırladaq ki, hadisə bu il iyulun 1-də Bakının Binəqədi rayonu ərazisində qeydə alınıb. Araşdırmalarla 1997-ci il təvəllüdlü Təbriz Qasımovun rayonun Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Qətlə yetirilən 20 yaşlı Təhminə Qasımova məişət əşyaları satılan mağazada satıcı vəzifəsində çalışıb.
Onu gecə saat 2 radələrində qardaşı işdən çıxan zaman qarşılayıb və birlikdə evə gediblər. Hadisə səhərə yaxın qeydə alınıb. Hadisədən sonra Təbriz Qasımov könüllü olaraq polisə təslim olub.
İlkin istintaq hərəkətləri zamanı məlum olub ki, Təbriz anasını da ölümlə təhdid edib.
Seymur Əli