Məlum olduğu kimi, Donald Tramp ikinci dəfə Amerika Birləşmiş Ştatlarının prezidenti seçilib. Trampın andiçmə mərasiminin 2025-ci il yanvarın 20-də Kapitoliyada keçirilməsi nəzərdə tutulub.

Bəs, Trampın prezident seçilməsindən sonra ABŞ-nin Azərbaycana və Qarabağ məsələsinə, Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə qarşı mövqeyi necə olacaq?

Məsələ ilə bağlı "Unikal"a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, bunu indidən demək çətindir:

"Trampın ABŞ hakimiyyətinə gəlmək üçün tezisləri ondan ibarət olub ki, beynəlxalq proseslərə ikinci dərəcəli məsələ kimi baxılacaq. İlk növbədə daxildə olan problemlərə diqqət yetiriləcək. Xarici siyasətə aid ümumi mövqeləri isə açıqlayıb. Bu da onu göstərir ki, münaqişədə olan ölkələr sülhün əldə olunmasında özləri səy göstərməlidirlər. ABŞ hər məsələdə kiminsə yerinə səy göstərməməli və qərar verməməlidir.

Bu isə onu deməyə əsas verir ki, ABŞ hansısa etnik qrupların yox, öz dövlət maraqlarına uyğun siyasət həyata keçirəcək.  Bu baxımdan, Azərbaycan həmişə olduğu kimi, ABŞ üçün vacib tərəfdaşdır. Trampın prezident kimi vəzifələrinin icrasına başlamasından sonra erməni lobbisinin təsiri altında siyasət yürüdəcəyinə inanmıram", - deyə sabiq nazir qeyd edib.

T.Zülfüqarov vurğulayıb ki, ABŞ üçün hansısa qərarın qəbul olunmasında ən əsas məqam geopolitik maraqlar olacaq:

"Beynəlxalq qanunlara uyğun modellər təşkil oluncaq. Bu da bizim mövqeyimizə yaxın olan bir mövqedir. Hər halda, hələlik belə ümidlər üçün yer var.

Biz gərək xarici siyasətin fəallaşmasını hələlik gözləməyək, çünki 2025-ci ilin 20 yanvar tarixində Trampın inauqurasiya mərasimi keçiriləcək. 

Bu müddət isə keçid dövrü adlanır. Keçid dövrünə uyğun olaraq, həmin zaman xarici siyasətdə hansısa addımlar atılmır. Bundan sonra, hökumətin təyinatları olacaq. Bu proses də bir müddət davam edəcək və vaxt aparacaq.

Beləliklə, 2025-ci ilin ortasına və ya sonuna qədər bizim istiqamətdə hansısa fəal addımların atılmasını gözləməməliyik", - deyə o əlavə edib.

Murad İbrahimli