Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 8 Noyabr - Zəfər Günü münasibətilə Bakı, Gəncə, Xankəndi, Şuşa və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunub. 

"Unikal" xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Hərbi orkestrlərin ifasında səsləndirilən hərbi vətənpərvərlik mahnılarının, eləcə də marşların sədaları altında keçirilən yürüşlər vətəndaşlarımız tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

 

***

10:11

Paytaxtın müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə noyabrın 8-də hərbçilərin yürüşləri başlayıb.

"Unikal" xəbər verir ki, 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən yürüşlərdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra isə hərbçilərin dörd marşrut üzrə yürüşlərinə start verilib.

Hərbçilərin marşrutlar üzrə Bakıdakı yürüşləri saat 12:00-dək davam edəcək.

Yürüşlər Heydər Əliyev sarayı, Nizami Kino Mərkəzi, Neftçilər Prospekti, Azadlıq meydanı, “AMAY” Ticarət Mərkəzi, Şəhidlər Xiyabanı, “Alov Qüllələri” kompleksi, “İçərişəhər” metrosu, Qala Qapısı, Kukla teatrı, “Azneft” dairəsi, Bəhram Gür heykəli, Q.Musabəyov parkı, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Parlament prospekti, Şəhidlər Xiyabanı, “Olimpik Star” İdman və Əyləncə Mərkəzi, Səməd Vurğun küçəsi, Zabitlər parkı, Bakı Dövlət Sirki, Heydər Əliyev sarayı, Nəsimi heykəli, Neftçilər prospekti, Nərimanov heykəli, Mərkəzi Park, Milli Dram Teatrı, Qış Parkı, Heydər Əliyev sarayı, Mərkəzi Bank, “28 Mall” Ticarət Mərkəzi istiqamətləri üzrə təşkil olunur.

Qeyd edək ki, həmçinin Gəncədə də müəyyənləşdirilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək.