Müxalifət daxilində gərginlik artır...
Müsavat Milli Şura daxilində təklənib, partiya seçkiyə girsə, parçalanma qaçılmazdır
Milli Şuranın ötən gün keçirilən sessiyası kifayət qədər gərginliklə yadda qaldı. AXCP və El hərəkatının təşəbbüsü ilə “Milli Şuranın ikinci namizədi olmasın” məsələsi qoyulub və yekdilliklə qərara alınıb ki, əgər Milli Şuranın hazırkı prezidentliyə vahid namizədi (qeyd edək ki, Milli Şuranın ötən dəfəki sessiyasında Rusiyada yaşayan kinodramaturq Rüstəm İbrahimbəyov prezidentliyə namizəd elan olunub) seçkidə iştirak edə bilməsə, qurumun ikinci namizədi seçkiyə qatılmasın.
Milli Şuranın Müsavat və AXCP arasında intriqa meydanına çevriləcəyi öncədən bəlli idi. İki rəqib, həm də müttəfiq partiya vahid namizəd məsələsində razılığa gələ bilməmişdi, Müsavat irəli düşüb öz namizədini vermişdi. AXCP sədri Əli Kərimlinin iki yolu vardı: ya Müsavat başqanını dəstəkləməli, ya da seçkiləri boykot etməli idi. Milli Şuranın yaranması Əli Kərimlinin əlinə düşmüş fürsət oldu. Şura yaradıldı, sədr seçildi, vahid namizəd müəyyən olundu. Müsavatın meydanı daraldı. İsa Qəmbərin tək ümidi İbrahimbəyovun müxtəlif səbəbdən ölkəyə buraxılmayacağı təqdirdə Milli Şuranın namizədi olmaq fürsəti idi. Son sessiyada Müsavatın bu imkanını da əlindən aldılar. Müsavatdan incik getmiş Sülhəddin Əkbər bu məsələni özəlliklə qaldırıb, təşəbbüsün AXCP tərəfindən verildiyi isə məlumdur.
İbrahimbəyovun “Milli Şuranın ikinci namizədi olmamalıdır” məzmunlu bəyanatının tezislərinin də AXCP və El hərəkatı tərəfindən verildiyi şübhə doğurmur. Buna paralel olaraq Müsavat əleyhdarları mediada, sosial şəbəkələrdə “Müsavatın hakimiyyətlə anlaşmasına” dair xəbərlər yayırlar. Xəbərlərdən belə məlum olur ki, Müsavat öncədən bilirmiş ki, İbrahimbəyov ölkəyə gəlməyəcək, seçkiyə qatıla bilməyəcək, ona görə də İsa Qəmbər namizədliyini verib. Milli Şuranın son sessiyasında çıxarılan qərara Müsavatın reaksiyası gecikməyib. İsa Qəmbər bildirib ki, kimlərsə prosesi boykota sürükləyir və Müsavat buna getməyəcək. Müsavat başqanının yanaşması doğrudur. AXCP və El hərəkatı Milli Şuranın seçkiləri boykot etməsindən yanadır. Daha dəqiqi, İbrahimbəyov seçkiyə qatıla bilməsə (fövqəladə bir gəlişmə olmasa, böyük ehtimalla, belə də olacaq), Milli Şura seçkiləri boykot edəcək. Maraqlıdır ki, Milli Şurada Müsavatdan başqa bütün partiyaların mövqeyi belədir. AXCP, El, ACP, ALP, hətta KXCP ilə VHP də Müsavat başqanını dəstəkləmək fikrində deyillər. O halda sual yaranır: Milli Şuranın mövqeyi bəllidir, İbrahimbəyov seçkiyə qatıla bilməsə, seçki boykot olunacaq. Bəs Müsavat hansı addımı atacaq? Arif Hacılı, Rauf Arifoğlu və tərəfdarlarının AXCP, El hərəkatına yönəlmiş qəzəbindən görünür ki, onlar İsa Qəmbərin seçkiyə qatılmasından yanadırlar. Bu şəxslər daha çox qarşıdan gələn parlament seçkilərinə baxırlar və hədəfləri 2015-ci ildir. Onlar açıq bildirirlər ki, 25 il əziyyət çəkib, meydanı əliboş tərk etmək niyyətində deyillər. Amma qarşıda partiya maraqlarından imtina etmiş kimi görünən AXCP var. Müsavat oyunu pozsa, Milli Şuranın qərarına tabe olmasa, İsa Qəmbərə və partiyasına qarşı total əks-təbliğat kampaniyası başlana bilər. Müsavat eynilə 2000-ci il seçkilərində AXCP-nin üzləşdiyi durumla üz-üzə qala bilər.
Nəzərə almaq lazımdır ki, Milli Şuranın yaranmasına, İbrahimbəyovun sədr və vahid namizəd olmasına Müsavat özü də səs verib. Müsavatın qəfil qərar dəyişimi tabana izah olunmalıdır. Müsavat tabanının protest elektoratı olduğunu nəzərə alanda İsa Qəmbərin seçkiyə girməsini istəyən partiya elitasının ciddi çətinliklərlə üzləşəcəyini söyləmək olar. Hətta Müsavatın parçalanması ehtimalını da vurğulamaq lazımdır. 13 il öncə AXCP də rəhbərliklə (birinci müavin, Rəyasət Heyəti), elektorat (rayon şöbələri) arasında ziddiyyətlər üzündən parçalanmışdı. Ziddiyyətlərin biri də parlament seçkilərinə münasibət idi. Müsavatın bölünməsi ehtimalını Arif Hacılı, Rauf Arifoğlu da hesablamamamış deyillər. Amma onların başqa yolu da yoxdur. Böyük ehtimalla, Müsavat müəyyən itkilərlə barışaraq seçkiyə girəcək. 13 il öncə. Müsavat-AXCP savaşından birinci qalib çıxmışdı. Bu dəfə, deyəsən, AXCP qalib çıxacaq. Çünki Müsavatı tərk edənlər hər halda El hərəkatını seçməyəcəklər. Onların üz tutacağı yer AXCP-dir.
Mehdi
Digər Xəbərlər
2025-02-28 19:38:34

2025-02-28 18:54:26

2025-02-28 16:24:23

2025-02-28 13:27:55

2025-02-28 13:25:23

2025-02-28 11:34:17

2025-02-28 11:29:35

2025-02-28 11:00:05
_1739542811.jpeg)
2025-02-27 20:07:00

2025-02-27 20:01:22

2025-02-27 18:44:40

2025-02-27 17:29:09

2025-02-27 17:16:34

2025-02-27 17:04:38

2025-02-27 16:32:32

2025-02-27 14:53:50

2025-02-27 14:52:52

2025-02-27 13:23:33
