İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakıda iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan daha 314 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.

"Unikal" xəbər verir ki, bu barədə DVX-nin məlumatında bildirilib. Qeyd edilib ki, 50-dən çox sahibkarlıq subyektində isə POS-terminalların quraşdırılmadığı aşkarlanıb. Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

"Nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir", - deyə Dövlət Vergi Xidməti bəyan edib.