Bakı Şəhər İH və Bakı şəhəri Pirallahı Rayon İH-nin təşkilatçılığı ilə Pirallahı rayonu üzrə 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib.

"Unikal" xəbər verir ki,  müşavirədə Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov,  Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Təsərrüfat şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin sədri Rəfail Mehralıyev, Pirallahı rayon İH-nin məsul əməkdaşları, rayonun idarə-müəssisə və təşkilat  rəhbərləri,  sahibkarlıq və ticarət subyektlərinin nümayəndələri iştirak etmişdir. Müşavirə zamanı rayon təsərrüfatının 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar müzakirələr aparılmış, qış aylarında İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin, eləcə də idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə toxunulmuşdur. Müşavirə zamanı qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində rayonun təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağı diqqətə çatdırılmış, hər hansı ciddi hal yaranarsa, onun dərhal aradan qaldırılması məqsədi ilə operativ tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilmişdir.

Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hər yerində olduğu kimi, Pirallahı rayonunda da həyata keçirilən layihələrdən, abadlıq-quruculuq işlərindən, əhalinin rifah halının yüksəldilməsi istiqamətində atılan addımlardan, həmçinin 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon təsərrüfatında görülən işlərin icra vəziyyəti və qarşıda duran vəzifələr haqqında geniş məlumat vermişdir. 2024-2025-ci illəri əhatə edən payız-qış mövsümünə hazırlığına nəzarəti gücləndirmək məqsədilə Tədbirlər Planı təsdiq olunmuşdur. Təsdiq olunmuş Tədbirlər Planında əsas və köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatlar müəyyənləşdirilmiş, rayon MKTB-nin tabeliyində olan xüsusi texnikaların saz vəziyyətə gətirilməsi, inventar, duz tədarükünün edilməsi də öz əksini tapmışdır.

Pirallahı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Röyal Sarıməmmədov payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planına uyğun görülmüş işlər və qarşıda duran vəzifələrin icrası barədə məlumat verdi.

Daha sonra Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyev, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Təsərrüfat şöbəsinin müdiri Ayaz Hüseynov və Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev 2024-2025-ci illərin qış mövsümünə hazırlığın vəziyyəti və görüləcək işlər barədə verilən tapşırıqlarla əlaqədar zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğuladılar.