Belarusdan Azərbaycana ekstradisiya edilən, "Simpatiya-S" MMC-nin rəsmi şəxsi olan, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Ağasəmid Məhərrəmov və Lamiyə Vəliyevanın növbəti məhkəmə iclası keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Tərlan Məmmədov ifadə verib: "Simpatiya-S" MMC-nin təsisçilərindən biriyəm. Bizə məlum oldu ki, Ağasəmid bəzi şəxslərə qanunsuz olaraq ev sənədləri verib, hansı ki, həmin evlər başqa şəxslərə məxsus olub. Ağasəmid həmin binada təmir işləri ilə məşğul olub. Ağasəmid bizim digər şərikimiz Seyid Fərəcin yaxın qohumudur. Onunla söhbət etdik, o müəyyən hissələri etiraf elədi və yaxın müddətdə bu problemləri yoluna qoyacağını söz verdi. Biz bundan sonra özümüz polisə müraciət elədik. Biz MMC-də 5 təsisçi olmuşuq. Həmin MMC-də hərəmizin 18 faiz payımız olub. Təqsirləndirilən Lamiyə xanım MMC-nin kargüzarı olub, Ağasəmid isə binada təmir işləri ilə məşğul olub. O heç vaxt həmin binanın komendatı olmayıb. Biz bütün alqı- satqı işlərini  ofisdə keçirmişik. Müqavilələr əvvəldən hazırlanmırdı, alqı-satqı harda baş tuturdu orda da hazırlanırdı. MMC-nin ştampı özümüzdə olub. Bir nəfər bizə müraciət etdi ki, dünən sizdə alqı-satqı olub, ancaq bizdə həmin vaxt satış olmamışdı. Ondan sonra Ağasəmiddən şübhələndik". 

Dövlət ittihamçısı Vüsal Mehrəliyev MMC-nin həmin vaxt müvəqqəti direktoru olan Tərlan Məmmədova belə bir sualla müraciət edib- Siz heç kimdən nəsə almaya-almaya nəyə görə zərərçəkmişlərin ziyanını ödəyirdiniz?

Şahid Tərlan Məmmədov- Mən həmin MTK-nın həm təsisçisi, həm də direktoruyam. Tək mən yox, bütün təsisçilər ziyanın müəyyən hissəsini birlikdə ödəyib. Bizə istintaq orqanından dedilər ki, zərərçəkmişlərin ziyanlarını ödəməyə kömək edin. Hazırda zərəri ödəməyən şikayətçilərlə bağlı hər hansı bir addımlar atılmayıb. 

Sonra şahid yenə ifadəsini davam etdirib. Təqsirləndirilən şəxs Lamiyə Vəliyevanın vəkili şahidə bəzi suallar verib. Məlum olub ki, Lamiyə Vəliyeva bütün zərərçəkənləri tanıdığından onların müəyyən edilməsində təsisçilərə dəstək olub. 

İfadəsini davam etdirən Tərlan Məmmədov bildirib ki,  İnşallah bilir həmin mənzillərlə bağlı məhkəmə prosesi var, yəqin özü də məhkəməyə  gələcək. 

Xatırladaq ki, Tərlan Məmmədov hazırda "ŞİRVANŞAHLAR  Residence"nin layihə rəhbəridir. Sonra təqsirləndirilən şəxs Ağasəmid Məhərrəmov 190 min manat pulu alıb İnşallah adlı təsisçiyə verdiyini bildirdi. 

Xatırladaq ki, cinayət işində 27 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. 

Qeyd edək ki, iyunun 8- də Baş Prokurorluğun vəsatəti əsasında Belarus Baş Prokurorluğu tərəfindən Azərbaycan vətəndaşı Məhərrəmov Ağasəmid Fərzulla oğlunun ölkəmizə ekstradisiyası haqqında qərar qəbul edilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Ağasəmid Məhərrəmovun dələduzluq, həmçinin, rəsmi sənədləri hazırlama və saxta sənədlərdən istifadə etmə cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib. A.Məhərrəmov Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.