Bu gündən Azərbaycanda fəaliyyət göstərən bir sıra restoran və ictimai-iaşə obyektlərindən havaya tullantı atılması halları müşahidə olunduğundan növbəti monitorinqlərə başlanılır.

"Unikal" xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə məlumat verib.

O bildirib ki, iaşə obyektləri və restoranlarda səyyar laboratoriya vasitəsilə ölçmə işləri aparılacaq, havaya normadan artıq tullantı atıldığı müəyyən olunarsa obyektlərin səlahiyyətli nümayəndələri barəsində qanunamüvafiq tədbirlər görüləcək:

"Restoran və iaşə obyektlərinin fəaliyyətinə cavabdeh olan şəxsləri xəbərdar edirik ki, obyektlərindəki təmizləyici qurğulara vaxtında texniki xidmət göstərsinlər, qurğuların filtrlərini yeniləsinlər və havaya normadan artıq tullantı atılmasına yol verməsinlər”.

Xidmət rəisi sahibkarları təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə, havanın çirkləndirilməsinə yol verməməyə çağırıb.