Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

"Unikal" xəbər verir ki, bu tədbirlər çərçivəsində Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.

Agentlik tərəfindən bu çərçivədə piyadaların avtomobil yolunu keçməsində problem yaşanan daha bir ərazidə, Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 11-ci km-də yeni piyada keçidinin inşası aparılaraq yekunlaşdırılıb.

Layihə üzrə keçidin ümumi uzunluğu 46 metr, daxili eni 3.50 metr, qalereyasının eni 4.5 metrdir.

Yol səviyyəsindən hündürlüyü 5.90 metr olan keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarətdir.

Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağı, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağı tikilib, piyada keçidinin ətrafında abadlaşdırılma işləri aparılıb.

Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, görünüşü ilə şəhərin görkəminə xüsusi rəng qatacaq.

Tədbirlər planına uyğun olaraq zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşasının aparılması nəzərdə tutulub.