Vətən müharibəsindən sonra 382 nəfər mina qurbanı qeydə alınıb, onlardan 70 nəfəri həlak olub, 312 nəfəri müxtəlif dərəcəli xəsarət alıb.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) şöbə müdiri Ramil Əzizov deyib.
Onun sözlərinə görə, insanların ölümü və xəsarət alması ilə nəticələnən mina insidentlərinin çoxu əvvəllər “təmas xətti” deyilən ərazilərdən kənarda baş verib: “Bu hadisələrin 70%-ə yaxını müdafiə məntəqələrində deyil, keçmiş təmas xəttindən kənarda mülki təyinatlı ərazilərdə qeydə alınıb. Sözsüz ki, aparılan maarifləndirmə və məlumatlandırma tədbirləri nəticəsində 2020-ci ildən bu günə qədər insidentlərin sayında azalma müşahidə olunub".
Şöbə müdiri bildirib ki, bu günə qədər 177 min hektar ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib, 176 mindən çox mina və PHS aşkarlanaraq zərərsizləşdirilib.